İnstitutun şöbə müdiri Səyyar Abdullayevi 70 illik yubileyi münasibətilə təbrik edirik! 2017-07-18 17:25:00 / YUBİLEYLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Səyyar Abdullayev anadan olmasının 70 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olundu.

Fərmanı yubilyara təqdim edən institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev S.Abdullayevin yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söylədi. Bildirdi ki, yüksək təşkilatçılıq bacarığına malik olan S.Abdullayevin institutun yaranması və çoxillik fəaliyyətində müstəsna xidmətləri vardır. Yubilyara xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

S.Abdullayev 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul edilmiş, müxtəlif təyinatlı və səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur.

1973-1984-cü illərdə müxtəlif təyinatlı informasiya sistemləri üçün proqram təminatının hazırlanması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 1985-1988-ci illərdə Azərbaycan SSR-in sosial-iqtisadi inkişafı planının yerinə yetirilməsi çərçivəsində Dövlət Plan Komitəsi ilə birlikdə nazirlik və baş idarələrdə fəaliyyətdə olan və yeni tətbiq edilən Avtomatlaşdırılmış İdarəetmə Sistemləri və Hesablama Texnikasının vəziyyətinə nəzarət işlərinə rəhbərlik etmişdir. 

2002-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir. “Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi”nin yaradılmasına rəhbərlik etmişdir. 
48 elmi məqalənin müəllifidir. Bunlardan 25-i xarici mətbuatda dərc edilmişdir. 

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası məclisinin və AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvüdür. 

1982-ci ildən İnstitutun həmkarlar təşkilatının sədr müavini, 1989-cu ildən bu günədək Həmkarlar komitəsinin sədri vəzifəsində çalışır. 2014-cü ilin iyul ayından AMEA Azad Həmkarlar İttifaqının sədr müavinidir.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə  AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024