“Azərbaycanın bölgələrində internetin ümumi vəziyyəti Şərqi Avropa ilə eynidir” 2014-01-22 10:49:16 / КОНФЕРЕНЦИИ

“Bu gün Azərbaycanın bölgələrində internetin ümumi vəziyyəti, inkişaf səviyyəsi, demək olar ki, Şərqi Avropa ilə eynidir və bəzi məqamlarda ondan yüksəkdir”.
 
 
Bu fikirləri Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
 
 
Nazir əlavə edib ki, hökumətin əsas məqsədi Azərbaycanın internet infrastrukturunu  inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşdırmaqdır. Ona görə də kəndlərdə, ucqar yaşayış məntəqələrində internet və rabitə xidmətlərinin hamısının səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin aparıldığını və bunların prioritet məsələlər olduğunu qeyd edən Ə.Abbasov vurğulayıb ki, artıq bu ildən Dövlət Neft Fondu ilə birlikdə genişzolaqlı internet infrastrukturunun qurulması işlərinə başlanılır:
 
 
 “Bu layihənin həyata keçirilməsi ilə birinci növbədə kəndlərdə, əsasən də məktəblərdə, sosial məntəqələrdə internetin daha da geniş istifadəsinə nail olunacaq. Mən hesab edirəm ki, 3 il müddətində həyata keçirilməsi nəzərdə tutulan bu proqramın nəticəsində Azərbaycanda internetin yayılma səviyyəsi inkişaf etmiş ölkələrin səviyyəsində olacaq. Bu da vətəndaşlarımızın gündəlik həyatına çox müsbət təsir edəcək”.
 
 
Ölkəyə gətirilən İT məhsullarının Azərbaycan dilini dəstəkləməsi məsələsi ilə bağlı jurnalistlərin verdiyi sualı cavablandıran nazir qeyd edib ki, bu yaxınlarda anadilli klaviatura standartı hazırlanıb və dünyanın İKT üzrə fəaliyyət göstərən bütün şirkətlərinə göndərilib. Onların hamısından da müsbət nəticələr əldə olunub:
 
“İT şirkətlərinin hamısı özlərinin istehsal istiqamətlərində Azərbaycan dilini nəzərə alacaqlar. Bu gün artıq şirkətlərin böyük bir qismi Azərbaycan dilini nəzərə alır. Hesab edirəm ki, bundan sonra yerdə qalan şirkətlərlə bağlı sözügedən istiqamətdə problem olmayacaq”.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024