Hər il noyabrın 26-sı Ümumdünya İnformasiya Günü kimi qeyd edilir. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır.
Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin vüsət alması, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir.
Məlumat üçün bildirək ki, 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilmişdir. Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb.