Kinoteatrlar üçün dünyanın ən böyük LED-ekranı təqdim edilib 2018-12-13 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Samsung Electronics” şirkəti “3D” formatını dəstəkləyən ən böyük “Onyx Cinema” işıq diodlu (LED) ekranını təqdim edib. Onun eni 14 metr təşkil edir. Bu, ötən il istehsal olunmuş birinci nəsil “Onyx” displeyi ilə müqayisədə 40 faiz böyükdür. Pekinin “Capital” kinoteatrında istifadə olunan yeni panel artıq bütün dünyada quraşdırılmağa hazırdır.

4pda.ru saytının məlumatına görə, Cənubi Koreya şirkəti eni 10 metr olan “Onyx” seriyasına aid ilk ekranı 2017-ci ilin iyulunda nümayiş etdirib. İriölçülü ekranlara həm istehlakçılar, həm də biznes tərəfindən yüksək tələbatla əlaqədar yeni “Samsung Onyx” displeyinin ölçüsü 4 metr artırılıb.

Bildirilir ki, “Samsung Onyx Cinema” işıq diodlu ekranları yüksək keyfiyyət və etibarlılığı təmin etməklə, bütün növ kinoteatrlar üçün uyğundur. “Capital” kinoteatrında quraşdırılan unikal displey “4K” təsvir ölçüsünü, “HDR” texnologiyasını, standart proyektorun parlaqlığını təxminən 6 dəfə üstələyən maksimal 88 fL parlaqlığı, eləcə də “3D-Ready” və “Digital Cinema Initiatives” texnologiyalarını dəstəkləyir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023