Skyline operatoru əsasında optimal virtual maşınların seçilməsi üçün yanaşma təklif edilib 2018-10-31 16:00:00 / MÜHÜM HADİSƏLƏR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Mobil hesablamada virtual maşınların seçilməsi üçün skyline operatoru” (The skyline operator for selection of virtual machines in mobile computing) adlı məqalə nüfuzlu “International Journal of Modern Education and Computer Science” jurnalında nəşr olunub.

Məqalədə naqilsiz şəhər miqyaslı şəbəkələrin (Wireless Metropolitan Area Networks-WMAN) baza stansiyalarının yaxınlığında yerləşdirilən cloudletlərin texniki imkanlarını nəzərə alaraq mobil istifadəçilərin sorğularının (məsələlərin və ya proqram əlavələrinin) balanslı şəkildə onlarda qurulan virtual maşınlarda yerləşdirilməsi məsələsinin bir həlli verilmişdir. Bu məqsədlə istifadəçinin məsələnin həllinə qoyulmuş tələbləri (məsələnin həll vaxtı və xərci) təmin edən virtual maşınların (VM) seçilməsi üçün cloudletlər əsasında iyerarxik strukturlu arxitektura və alqoritm təklif edilmişdir. İkikriteriyalı seçim məsələsinin həlli üçün VM çoxluğundan skyline operatoru əsasında optimal VM-in seçilməsi üçün yanaşma təklif edilmişdir.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (№ EİF-2014-9(24)-KETPL-14/02/1) çərçivəsində hazırlanıb.  

Qeyd edək ki, “International Journal of Modern Education and Computer Science” jurnalı “CrossRef”, “Google Scholar”, EBSCO, “JournalSeek” kimi elmi bazalarda indeksləşdirilir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023