Dissertasiya şurasının növbəti iclası keçirildi 2018-10-29 14:25:00 / KONFRANSLAR

Oktyabrın 26-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi. 

Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevgündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, bugünkü iclas 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə iki dissertasiya işi üzrə rəsmi opponentlərin, aparıcı təşkilatın və müdafiə tarixinin təyin edilməsi məsələlərinə həsr edilib. 

Öncə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan institutun böyük elmi işçisi Rəhilə Həsənovanın “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru, professor Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru, dosent Nazlı Həsənova, aparıcı təşkilat AMEA İdarəetmə Sistemləri İnstitutu təsdiq edildi.

Həmçinin texnika elmləri doktoru elmi dərəcəsi almaq iddiasında olan institutun şöbə müdiri Gülnarə Nəbibəyovanın “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi üzrə rəsmi opponentlər AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Gülarə Muradova, aparıcı təşkilat isə Sumqayıt Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası təsdiq edildi.

Dissertasiya işlərinin müdafiəsi 13 dekabr 2018-ci il tarixinə təyin olundu.

Sonra akademik R.Əliquliyev doktorluq dissertasiyalarının orijinallığının yoxlanılması məqsədilə antiplagiat sistemlərin tətbiqi məsələlərindən danışdı. Alimin sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin inkişafı üçün əlverişli infrastrukturun qurulması, elmi işlərin orijinallığını təsdiqləyən etibarlı informasiyanın əldə edilməsi və cəmiyyətdə şəffaflığın təmin olunmasında böyük rola malik olan bu sistemlərin elmi-tədqiqat və təhsil müəssisələrində tətbiq olunması plagiatlıqla mübarizə baxımından xüsusi əhəmiyyətə malikdir. Həmçinin qeyd etdi ki, bu sistemlərin tətbiqi müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətindən icazəsiz istifadə hallarına qarşı effektiv mübarizə üsuludur. 

Alim bu məqsədlə institutda antiplagiatla bağlı tədqiqatların aparılmasının zəruriliyini qeyd edərək qurumda, həmçinin plagiatlıqla mübarizə xidmətinin qurulmasının nəzərdə tutulduğunu dedi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024