Kriptovalyutanın inkişaf perspektivləri araşdırılır 2018-04-16 15:20:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Cəmil Qurbanzadə “Kriptovalyutanın mövcud vəziyyəti, inkişaf perspektivləri və “Mining” prosesi üçün metodlar” adlı məruzəsini təqdim etdi.

C.Qurbanzadə müasir dövrdə “İnternetin qızılı” adlandırılan kriptovalyutanın rəqəmsal valyutanın bir növü və elektron ödəniş şəbəkəsi olduğunu bildirdi. Onun sözlərinə görə, ilk kriptovalyuta nümunəsi 2009-cu ildə “Bitcoin” (BTK) adı altında yaradılmışdır. Hazırda kriptovalyutaların “altcoin”lər adlanan yüzlərlə növünə rast gəlmək mümkündür.

Məruzəçi kriptovalyutaların üstünlüklərindən söz açaraq qeyd etdi ki, onlar sürətli və təhlükəsizdir, istifadəsi asan və inflyasiya riski aşağıdır, həmçinin vahid mərkəzdən idarə olunmur. Məruzəçi bunlarla yanaşı, “Blokchain” (Blokçeyn) texnologiyasının günümüzdəki çoxsaylı üstünlüklərindən danışdı. Bildirdi ki, bu texnologiya təkcə kriptovalyuta sahəsində tətbiq olunmur. Həmçinin sosial həyatın müxtəlif sahələrində - verilmiş kreditlər, əmlak hüququ, yol hərəkəti qaydalarının pozulması, nikahla bağlı məlumatları da burada saxlamaq mümkündür.

Sonra o, mayninq (mining) adlanan bitkoinin əldə edilmə prosesindən bəhs edərək bu zaman kriptoqrafiyadan istifadə olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, mayninq prosesinin ev şəraitində aparılması üçün kompüterin video kart qurğusu böyük resurslara sahib olmalıdır. Bu proses eyni zamanda külli miqdarda elektrik enerjisi tələb edir.

C.Qurbanzadə kriptovalyutanın “Ripple”, “Dash”, “Cardano”, Litecoin” kimi növləri olduğunu vurğuladı. Həmçinin o, bitkoinin emalı üçün “Diablo”, “Easy Miner”, “Bitminer” kimi proqram təminatları haqqında danışdı.

Daha sonra məruzəçi bitkoinləri istehsal edən “fermalar”dan bəzi nümunələr, müxtəlif növ video kartların mayninq göstəriciləri, mayninq prosesi üçün bəzi alqoritmlər, bitkoinlərin emalı zamanı istifadə olunan elektrik enerjisinin müqayisəli təhlilinə dair məlumatları diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.

 

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024