“Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının analizi” mövzusunda magistr dissertasiyası müzakirə olundu 2021-05-27 14:40:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev elmi seminarın institutun magistrantı Gülnarə Quliyevanın 060631 ─ “Kompüter mühəndisliyi” ixtisası üzrə təqdim etdiyi “Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının analizi” adlı dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırdı.

Dissertasiya işi üzrə elmi rəhbər olaraq çıxış edən Ə.Əliyev informasiya, texnologiya və biliyin dünya ölkələrinin iqtisadiyyatında geniş tətbiqi nəticəsində inkişaf edən rəqəmsal iqtisadiyyatın səviyyəsinin analitik təhlilinə və qiymətləndirilməsinə ciddi ehtiyac yarandığını bildirdi. Qeyd etdi ki, informasiya-kommunikasiya texnologiyalarının müxtəlif sahələrdə tətbiqinin qimətləndirilməsi məqsədilə beynəlxalq təşkilatlar tərəfindən müəyyən üsullar işlənib hazırlansa da, onların bəzi metodoloji qüsurları mövcuddur. Ölkələrdə informasiya cəmiyyətinin və rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin obyektiv qiymətləndirilməsi üçün indikatorlar sisteminin formalaşması metodikasının və mövcud üsulların analizi vasitəsilə müvafiq sahədə təklif və tövsiyələrin işlənilməsi, təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan dissertasiya mövzusu olduqca aktualdır.

Sonra G.Quliyeva çıxış edərək, dissertasiya işinin giriş, 3 fəsil, nəticə, ədəbiyyat siyahısından ibarət olduğunu, elmi-tədqiqat işi çərçivəsində 3 konfrans materialının çap edildiyini bildirdi.

Məruzəçi rəqəmsal iqtisadiyyatın mahiyyəti, məzmunu, onun formalaşma və inkişaf problemləri, ənənəvi iqtisadiyyatla rəqəmsal iqtisadiyyatın fərqləri, rəqəmsal iqtisadiyyatın mənfi və müsbət xüsusiyyətləri, rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin ölçülməsinin metodoloji əsasları, rəqəmsal iqtisadiyyatın qiymətləndirilməsi üsullarının analizi və onların təkmilləşdirilməsi barədə ətraflı danışdı.

O, dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edərək, tədqiqat zamanı rəqəmsal iqtisadiyyat haqqında ilkin anlayışlar və mövcud yanaşmaların araşdırıldığını, rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin ölçülməsi üzrə aparılmış tədqiqatların analiz edildiyini, indikatorlar sisteminin işlənilməsi metodologiyası üzrə tədqiqatların aparıldığını nəzərə çatdırdı. Həmçinin qeyd etdi ki, rəqəmsal iqtisadiyyatın regional-sektorial aspektdə qiymətləndirilməsi üsullarının analizi aparılmış, rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üsullarının təkmilləşdirilmiş kompüter modelinin arxitektur-texnoloji strukturu verilmişdir.

Sonra dissertasiya işinin ilkin rəyçisi R.Şahverdiyeva işin müsbət və mənfi tərəflərindən danışdı, işin ümumi səviyyəsinin qənaətbəxş olduğunu bildirdi.

Mövzu ətrafında fikir mübadiləsi aparıldı, magistrant çoxsaylı sualları cavablandırdı.

Rəsmi rəyçiliyə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, tex.f.d. İradə Ələkbərova tövsiyə olundu. Sonda elmi rəhbər Ə.Əliyev dissertasiya işi çərçivəsində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həllinə nail olunduğunu və elmi nəticələrin əldə edildiyini bildirdi, təklif və tövsiyələrini səsləndirdi.

Elmi seminar G.Quliyevanın dissertasiya işinin növbəti mərhələyə təqdim olunması haqqında qərar qəbul etdi.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020