“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” VII Beynəlxalq konfransı öz işinə başladı 2013-10-24 10:12:29 / CONFERENCES

Bu gün Bakı Dövlət Universitetində (BDU) “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” VII Beynəlxalq konfransın (AICT – The 7th International Conference on Application of Information and Communication Technologies) açılış mərasimi keçirildi. Tədbirin təşkilatçıları AR Rabitə və İnformasiya Texnologiyaları NazirliyiTəhsil Nazirliyi,Qafqaz UniversitetiBakı Dövlət UniversitetiAzərbaycan Texniki UniversitetiMoskva Dövlət Universitetinin Bakı filialı, AMEA İnformasiya Texnologiyaları İnstitutu, “IEEE” Azərbaycan bölməsi və SOCAR şirkətidir. 

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbirin ölkəmizin tarixində əlamətdar hadisələrdən olduğunu bildirərək Azərbaycanda İKT-nin sürətli inkişafı və onun insan həyatına gətirdiyi dəyişikliklərdən söhbət açdı. İnnovativ texnologiyaların dinamik inkişaf etdiyini və istənilən fəaliyyət sahəsində məhz yüksək texnologiyalardan geniş istifadə sayəsində mühüm əhəmiyyət kəsb edən elmi nəticələrin əldə olunduğunu söylədi. Akademik son illərdə Azərbaycanda bu sahədə görülən işlərdən, həyata keçirilən innovativ layihələrdən danışdı. Bu ilin əvvəlində süni peykimizin orbitə buraxılmasını ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin göstəricisi kimi qiymətləndirdi. Azərbaycanda informasiya cəmiyyətinin qurulması prosesinin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olduğunu vurğuladı. 

“IEEE” təşkilatının Azərbaycan bölməsinin rəhbəri Abzetdin Adamov müasir dünyada İKT-nin müxtəlif fəaliyyət sahələrində tətbiqinin əhəmiyyətindən danışdı, bu istiqamətdə əməkdaşlıq əlaqələrinin, həyata keçirilən layihələrin önəmliyini qeyd etdi. İştirakçı ölkələr arasında bilik və təcrübə mübadiləsinin aparılması baxımından tədbirin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı.

Sonra çıxış edənlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev, Qafqaz Universitetinin rektoru, professor Əhməd Sanıç, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və digərləri tədbirin əməkdaşlıq əlaqələrinin qurulmasında önəmli rol oynayacağını bildirdilər. 

Qeyd edək ki, oktyabrın 25-nə kimi davam edəcək seksiya iclaslarında “İKT tətbiqində müasir nailiyyətlər”, “Böyük vergilərin idarəsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” və s. kimi mövzular müzakirə olunacaq. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023