ITU: Azərbaycan İKT-nin inkişaf indeksi üzrə MDB-də IV yeri tutur 2013-10-24 10:10:22 / CONFERENCES

Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf indeksi üzrə 157 ölkə arasında 61-ci yeri tutur. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union-ITU) himayəsi altında 2013-cü il üzrə hazırlanmış "İnformasiya cəmiyyətinin ölçülməsi" adlı məruzədə deyilir. Məruzədə yeni texnologiyalara çıxış səviyyəsi, onlardan istifadə və İKT-biliklər nəzərə alınıb. 

trend.az xəbər saytının məlumatına görə, ilk 30 yeri yüksək gəlir səviyyəsi olan ölkələr tutur ki, bu da İKT sahəsində gəlirlər və tərəqqi arasında möhkəm qarşılıqlı əlaqədən xəbər verir. Rusiya bu siyahıda 40-cı, Belarus 41-ci, Moldova 65-ci, Ukrayna 68-ci, Gürcüstan 71-ci və Ermənistan 74-cüdür. 

Məruzə müəllifləri diqqəti ona yönəldiblər ki, hazırda smartfon və planşetlərdən istifadə etməklə mobil genişzolaqlı rabitə dünya bazarının daha çox tələb olunan seqmentinə çevrilib. Həmçinin o da qeyd olunur ki, ümumilikdə bütün dünyada İKT-məhsul və xidmətlərinə tələbat daim artır, mobil və genişzolaqlı rabitə xidmətlərinin qiyməti mütəmadi olaraq azalır, 3G texnologiylarının tətbiqi səviyyəsi isə əhəmiyyətli dərəcədə artıb. 

ITU ekspertlərinin məruzəsinə əsasən, son il ərzində İnternetə 250 milyondan çox insan qoşulub. 2013-cü ilin sonuna qədər Yer kürəsi əhalisinin təqribən 40 faizi İnternetdən istifadə edəcək. 

Məruzədə həmçinin Koreyanın Respublikasının İKT-nin inkişafı sahəsində ardıcıl olaraq artıq üçüncü dəfədir ki, liderliyini qoruduğu nəzərə çatdırılıb. İlk sıralarda həmçinin İsveç, İslandiya, Danimarka, Finlandiya və Norveç də yer alıb. Qabaqcıl 10 ölkə sırasına Niderland, Böyük Britaniya, Lüksemburq və Honkonq (Çin) da daxildir. 

Məruzəyə görə, 2013-cü ilin sonuna kimi ümumilikdə 6,8 milyard mobil rabitə istifadəçisi olacaq ki, bu da Yer kürəsi əhalisinin sayına bərabərdir. İnternetə 2,7 milyard nəfər qoşulacaq. 

Sənəddə, həmçinin "daha dinamik ölkələr" qrupu qeyd edilib. Həmin ölkələrdə son 12 ayda İKT-nin inkişafı üzrə reytinqdə orta səviyyəni üstələyən nəzərəçarpacaq dəyişikliklər göstərilib. Belə ölkələr sırasına (daha çox uğur qazanmış ölkələrdən başlayaraq) Birləşmiş Ərəb Əmirlikləri, Livan, Barbados, Seyşel adaları, Belarus, Kosta-Rika, Monqolustan, Zambiya, Avstraliya, Banqladeş, Oman və Zimbabve daxildir. Məruzə müəllifləri qeyd edirlər ki, son 10 ildə inkişaf etməkdə olan ölkələrdə İKT-nin tətbiqi üzrə səylərə baxmayaraq, həmin ölkələrlə inkişaf etmiş dövlətlər arasında "rəqəmsal fərq" hələ də qalmaqdadır. 

2013-cü ilin sonuna kimi 1,1 milyard ailənin və ya 4,4 milyard nəfərin İnternetə çıxışı olmayacaq. İnternetə çıxış səviyyəsi ən aşağı olan ölkələrdə 2,4 milyard nəfər və ya dünya əhalisinin üçdə biri yaşayır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023