AzScienceNet şəbəkəsi üzərindən İnformasiya Texnologiyaları İnstitutunda Distant Tədris Mərkəzinin yaradılması da Bakı şəhərində fəaliyyət göstərən elm və təhsil müəssisələri ilə ölkənin regionları, həmçinin dünyanın nüfuzlu universitetləri arasında davamlı əməkdaşlıq əlaqələrinin yaradılması, təhsilin keyfiyyətinin artırılması, müxtəlif elm sahələri üzrə kursların təşkili baxımından yeni perspektivlərin yaranmasına xidmət edir.

Müasir dövrdə innovativ elm və təhsil modelinin qurulması istənilən ölkə siyasətinin prioritet istiqamətlərindəndir. Hər iki sahədə qabaqcıl informasiya texnologiyalarının səmərəli tətbiqi, İKT infrastrukturunun inkişaf etdirilməsi modernləşmə strategiyasının həyata keçirilməsinə birbaşa təsir edən amillərdəndir. Təsadüfi deyil ki, hazırda dünyada İKT üzrə peşəkar mütəxəssislərin hazırlanması məqsədilə elmi-tədqiqat institutları və mərkəzlər, nüfuzlu universitetlər arasında innovativ bilik və təcrübə mübadiləsinin aparılmasına, bu proseslərdə müstəsna rol oynayan informasiya texnologiyalarının və qlobal şəbəkənin dinamik inkişafı məsələlərinə xüsusi diqqət yetirilir, intellektual potensialın inkişafına dəyəri milyardlarla ölçülən investisiya yatırılır. Qlobal elm və təhsil məkanına inteqrasiya edən Azərbaycanda hər iki sahənin qarşısında duran başlıca vəzifə qabaqcıl texnologiyalar əsasında innovativ inkişafa nail olunması, yeni tədris mexanizmlərinin işlənilməsi, təlim-tədris prosesində yeni elmi-metodiki nailiyyətlərin tətbiq edilməsidir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində mühüm məsələlərdən biri də gənc nəslin innovativ inkişafında böyük önəm kəsb edən və informasiya cəmiyyətinin yeni tədris modeli olan distant tədris sisteminin tətbiqidir. 

         Ölkəmizdə yeni təlim formalarının, o cümlədən distant tədrisin inkişafı və tətbiqi, interaktiv tədris imkanlarından geniş istifadə olunması istiqamətində kompleks işlər həyata keçirilir. Respublikanın bütün elm və təhsil müəssisələrində qabaqcıl texnologiyalar əsasında distant tədris mərkəzlərinin yaradılması istiqamətində mərhələli şəkildə tədbirlər görülür.  AMEA İnformasiya Texnologiyaları İnstitutunda AzScienceNet-elm korporotiv şəbəkəsi əsasında Distant Tədris Mərkəzinin açılışı da buna bariz nümunədir. Distant təhsil sistemi yüksək  imkanlara malik olan Polycom firmasının avadanlıqları əsasında yaradılmışdır. İlk olaraq bu xidmətdən Naxçıvan Dövlət Universitetinin (NDU) doktorant və dissertantları istifadə etməyə başladı. Distant təhsil xidmətinin köməyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən Naxçıvanın və eyni zamanda regionlarda yerləşən elmi-tədqiqat və təhsil müəssisələrinin doktorant və dissertantlarına distant tədris sistemi vasitəsilə informatika fənninin tədrisi ilə bağlı müxtəlif kurs və treninqlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulur. AzScienceNet əsasında distant təhsil xidmətinin yaradılması Azərbaycanın təhsil sisteminin innovativ inkişafına dəyərli töhfələr verəcəyini qeyd etmək olar.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023