AzScienceCERT (CERT–Computer Emergency Response/Readiness Team) xidməti AMEA-nın AzScienceNet elm kompyuter şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupudur. AzScienceCERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etməkdir. Bu məqsədlə AzScienceCERT informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanmasında, qarşısının alınmasında və istifadəçilərin məlumatlandırılmasında AzScienceNet-in istifadəçilərinə kömək edir. AzScienceCERT xidməti AzScienceNet-də bədniyyətli proqramların yayılması və şəbəkə hücumları ilə əlaqədar statistik verilənlərin toplanmasını, saxlanılmasını və analizini həyata keçirir. Bu sahədə institutda toplanmış təcrübəni yaymaq və istifadəçilərlə səmərəli əks-əlaqəni təmin etmək məqsədilə www.sciencecert.az veb-saytı işə salınmışdır. www.sciencecert.az saytı Azərbaycan dili ilə yanaşı, ingilis dilində də yayılır. Saytda AzScienceCERT komandası və AzScienceNet korporativ şəbəkəsi haqqında ümumi məlumatlarla tanış olub, komandanın fəaliyyətinin məqsəd və prinsipləri, hansı informasiya təhlükəsizliyi hadisələrinin insident kimi qəbul edildiyi və həmin insidentlərin emalı prosesləri haqqında ətraflı məlumat əldə etmək olar. Baş vermiş insident barəsində saytda yerləşdirilən xüsusi formanı dolduraraq info@scienceccert.az ünvanına göndərməklə AzScienceCERT komandasını məlumatlandırmaq olar. İnsident haqqında daxil olan məlumatlar komanda üzvləri tərəfindən yoxlanılır, insidentin sinfi müəyyən edilir və uyğun prosedurlar üzrə müvafiq tədbirlər görülür. Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün AzScienceCERT Azərbaycanda fəaliyyət göstərən digər oxşar qruplarla, Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları, informasiya təhlükəsizliyi insidentlərinin emalı ilə məşğul olan xarici ölkə qrupları və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər təşkilatlarla qarşılıqlı əlaqə saxlayır. Məlumdur ki, informasiya texnologiyaları sahəsində qabaqcıl ölkələrdə CERT mərkəzləri, bu mərkəzləri birləşdirən milli və beynəlxalq şəbəkələr fəaliyyət göstərir, təcrübə mübadiləsi aparılır və biliklər bazaları formalaşdırılır. Kiberhücumların, təhdidlərin, informasiya müharibəsi təzahürlərinin artmasının real təhlükəyə çevrilməsini, İnternetin Azərbaycan seqmentində də fəsadlı nəticələrə səbəb olan konkret faktların mövcudluğunu nəzərə alaraq ölkənin adekvat əks-tədbirlər sisteminin, həyata keçilirməsi üçün onun beynəlxalq təşkilatlarda təmsil olunması vacib məsələyə çevrilmişdir. Ona görə də 2010-cu ildə AzScienceCERT komandası Avropa CERT-lərinin Trusted İndroducer (Tİ) xidməti tərəfindən qeydiyyata alınmışdır. Tİ xidməti Trans-Avropa Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA) çərçivəsində fəaliyyət göstərir. Onun əsas vəzifəsi Avropa ölkələrinin CERT mərkəzləri arasında inam infrastrukturunun yaradılmasıdır. Tİ yeni subyektləri inam şəbəkəsinə daxil edir və etibarlı üçüncü tərəf rolunu oynayır. Tİ xidməti CERT-lərin qeydiyyatı, akkreditasiyası və sertifikatlaşdırılması məsələləri ilə məşğul olur. Tİ akkreditasiya edilmiş CERT-lər üçün bir sıra xidmətlər göstərir: xüsusi informasiya materiallarına və xəbərdarlıq sisteminə giriş, xüsusi verilənlər bazasından istifadə və insident obyektlərinin bu bazada qeydiyyatı, yalnız üzvlər üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak, insidentlərin emalı zamanı məlumat mübadiləsi üçün şifrələmə və elektron imza infrastrukturu və s. Qlobal informasiya infrastrukturu mühitində informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması və cavablandırılması üçün beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu cəhətdən Tİ və oxşar beynəlxalq infrastrukturlara inteqrasiya AzScienceCERT komandasına dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə səmərəli əməkdaşlıq üçün geniş imkanlar açır. İstifadəçilərinə keyfiyyətli CERT xidmətləri göstərməyi, bu istiqamətdə beynəlxalq infrastrukturlara inteqrasiyanı qarşıya məqsəd qoymuş AzScienceCERT komandasının növbəti hədəfi Tİ-də akkreditasiyadan keçməkdir. Artıq Tİ qurumu tərəfindən AzScienceCERT komandasına akkreditasiya üçün dəvət paketi göndərilmişdir. Akkreditasiya proseduru komandanın göstərdiyi servislərin keyfiyyətinə bir sıra tələblər irəli sürür. Qoyulmuş tələbləri uğurla yerinə yetirərək AzScienceCERT komandası 31 may 2011-ci ildə TERENA (Trans-Evropean Research and Education Networking Assosiation) təşkilatının himayəsində olan Trustel Introducer sistemində qeydiyyatdan və akkreditasiyadan keçmişdir.

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023