“Dissernet” cəmiyyəti saxta dissertasiyalarla mübarizə aparır 2017-05-26 12:39:11 / KONFRANSLAR

“Dissernet” fırıldaqçı, saxtakar və yalançı alimlərlə mübarizə aparan, onları ifşa edən ekspert, tədqiqatçı və reportyorların azad şəbəkə cəmiyyətidir.

 

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev institutun elmi seminarında məlumat verdi. O, “Dissernet: yaranması, fəaliyyəti, faktlar” mövzusunda təqdimatla çıxış edərək bildirdi ki, bu cəmiyyətin fəaliyyəti, əsasən, Rusiya elm və təhsil müəssisələrində müdafiə edilmiş fəlsəfə və elmlər doktoru dissertasiyalarının ictimai ekspertizasının həyata keçirilməsindən ibarətdir.

 

“Dissernet”in tarixi haqqında məlumat verən R.Şıxəliyev qeyd etdi ki, Almaniyadakı oxşar VroniPlag layihəsi əsasında yaradılmış bu cəmiyyət 2013-cü ilin yanvar ayında fəaliyyətə başlamışdır. Həmin il fevralın 20-də isə www.dissernet.org saytı istifadəyə verilmişdir.

 

“Dissernet”in məqsədi elmi işçilərin qanunla təsbit edilmiş attestasiya qaydalarının, həmçinin elmi dərəcələrin verilməsi qaydaları və reqlamentlərinin kobud şəkildə pozulması hallarının aşkarlanmasıdır. “Dissernet” həmçinin ekspertiza yolu ilə bu kimi pozuntuların aşkarlandığı dissertasiyaların müdafiəsi nəticəsində alınmış diplomları qanunsuz sayır və ləğv olunmalı olduğunu bildirir.

 

R.Şıxəliyevin məlumatına görə, “Dissernet”in tədqiqatları Rusiyanın bütün kateqoriyadan olan vətəndaşlarına bərabər şəkildə tətbiq edilir. Cəmiyyətin iştirakçıları öz təşəbbüslərinə əsasən könüllü fəaliyyət göstərirlər.

 

Məruzəçi bildirdi ki, “Dissertent” iki il ərzində 50 min avtoreferat və 12 min dissertasiyanın tam mətnini analiz etmiş, nəticədə 3,2 min plagiat dissertasiya aşkar edilmişdir.

 

R.Şıxəliyev həmçinin “Dissernet”in tipik ekspertizası haqqında məlumat verərək bir sıra faktları diqqətə çatdırdı. Saxta dissertasiyaların müxtəlif bilik sahələri və Rusiya şəhərləri üzrə paylanması statistikasını təqdim etdi.

 

Məruzə böyük maraqla qarşılandı, R.Şıxəliyev müxtəlif sualları cavablandırdı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024