İnstitutda növbəti elmi seminar keçirildi 2017-04-18 10:54:23 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Seminarın IPv6 ünvanlarının tətbiqi, onlayn tərcümə xidmətləri, elektron təhsil standartları, bulud texnologiyalarının elektron təhsildə tətbiqi kimi problemlərin müzakirəsinə həsr olunduğunu bildirdi.

 

İnstitutun əməkdaşı Orxan Mənsimzadə kompüter şəbəkələrində IPv6 ünvanlarının tətbiqi haqqında məruzəni təqdim edərək OSI və TCP/IP modelləri, IPv6 protokolunun arxitekturu, statistikası, IPv6 şəbəkəsinə keçid strategiyaları və s. barədə ətraflı məlumat verdi.

 

Məruzəçi bildirdi ki, 1990-cı illərin əvvəllərindən etibarən İnternetin sürətlə genişlənməsi nəticəsində IPv4 ünvanlaşma sisteminin yetərsiz qalacağı və yeni bir sistemə keçidin zəruriliyi vurğulanmağa başlanmışdır. IPv4 protokolunun çatışmazlıqlarını aradan qaldırmaq üçün “Internet Engineering Task Force” komitəsinin rəhbərliyi altında İnternet protokolunun yeni versiyası – IPng (Internet Protocol next generation) və ya IPv6 (Internet Protocol version 6) işlənmişdir. O, IPv4 və IPv6 protokollarını müqayisəli təhlil edərək Ipv6-nın üstünlüklərindən söz açdı.

 

O.Mənsimzadə IPv6 ünvanları ilə www.google.com səhifəsinə müraciət edən istifadəçilərin statistikası, dünya, qitələr və ölkələr, həmçinin Azərbaycan və ona yaxın regionlar üzrə IPv6-dan istifadə statistikasını, Azərbaycanın veb-saytlarında IPv4 və IPv6 ünvanlarının paylanması qrafikini təqdim etdi, institutun AzScienceNet elm-kompüter şəbəkəsində IPv6 ünvanlarına keçid ilə əlaqədar görülən işlər haqqında məlumatları nəzərə çatdırdı.

 

İnstitutun əməkdaşı Qurban Qurbanov “Onlayn maşın tərcüməsi: tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, maşın tərcüməsinin (MT) tarixi elmi-tətbiqi istiqamət kimi ötən əsrin 40-cı illərindən başlanmış, həmin dövrlər dil kod sistemi kimi qəbul edilmişdir. MT insan tərəfindən informasiya texnologiyalarından istifadə etmədən edilən tərcüməyə – “əl tərcüməsi”nə qarşı qoyulur.

 

Q.Qurbanov tərcümənin keyfiyyətinin mətnin tematikası, stili və tərcümə olunan dillər arasındakı qrammatik, sintaktik və leksik uyğunluqlardan asılı olduğunu dedi. Qeyd etdi ki, bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti əksər hallarda qənaətbəxş olmur.

 

Onlayn maşın tərcüməsinin inkişaf perspektivlərindən söz açan məruzəçi qeyd etdi ki, mütəxəssislər MT sisteminin işlənilməsini süni intellektin inkişafı ilə əlaqələndirirlər: maşın insan kimi düşünməyə başlayanda bir dildən digər dilə tərcümə edə biləcək. MT-nin təkmilləşdirilməsinin digər yolu iki dilin korpusunun uyğunluğu ilə əlaqədardır.  

 

O, həmçinin “Droid Translator”, “Scanner and Translator”, “3wayTalk”, “i Translate” kimi tərcümə sistemləri haqqında məlumat verdi.

İnstitutun əməkdaşı Esmira Ələsgərova “Elektron təhsildə bulud texnologiyalarının tətbiqi” mövzusunda məruzəni təqdim edərək bulud texnologiyalarının qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlər olduğunu söylədi.

 

E.Ələsgərova Milli Standartlar və Texnologiyalar İnstitutunun (National Institute of Standards and Technology) standartları haqqında məlumat verdi, bu standartların müəyyən etdiyi arxitektur səviyyələrini diqqətə çatdırdı. Məruzəçi standartlara əsasən buludların tələb üzrə özünəxidmət, geniş şəbəkə kanalı, resurs qovşaqlarının dəstəyi, tez miqyaslanma, elastiklik, servislərin istifadəsinin ölçmə imkanı və digər xüsusiyyətlərindən danışdı.

 

O, həmçinin bulud texnologiyalarının tədris prosesində yaratdığı imkanlar, elektron təhsildə bu texnologiyaların üstünlükləri və texniki təminatının konseptual sxemi barədə məlumat verdi, sənədlərin buludda saxlanılması və paylanması yollarını nəzərə çatdırdı.

 

“Elektron təhsildə beynəlxalq standartların araşdırılması” mövzusunda məruzəni təqdim edən institutun əməkdaşı Təranə Məcidova elektron təhsil standartlarının yaradılması mərhələləri haqqında məlumat verdi. Məruzəçi dünyada elektron tədris üçün standart və spesifikasiyaların mövcud olduğunu qeyd edərək elektron tədris sahəsində əsas anlayışları diqqətə çatdırdı.

 

T.Məcidova SCORM standartının konseptual modelini təqdim etdi, biliklər bazasının modelin əsasını təşkil etdiyini söylədi. Qeyd etdi ki, Tədrisin İdarəetmə Sistemi elektron tədrisin proqram təminatını təşkil edir.

 

Elektron təhsil standartlarına qoyulan tələblərdən söz açan məruzəçi bu standartların paylanmış təlim mühitində müxtəlif sistemlərin qarşılıqlı əlaqəsinin, tədris sistemlərinin komponentlərinin dəfələrlə istifadəsinin və yerindən asılı olmadan sistemlə işləmək imkanının təmin olunması baxımından qoyulan tələblərə uyğun hazırlanmasının zəruliyini vurğuladı.  

 

Sonda institutun əməkdaşı Oqtay Ələkbərov “Müasir İKT yenilikləri” mövzusunda çıxış etdi. O, İnternet xidmətləri göstərən dron, virtual alış-veriş mərkəzləri, dron-taksilər və digər yeni texnologiyalar haqqında məlumat verdi.

 

Məruzələr ətrafında geniş müzakirələr aparıldı, çoxsaylı təklif və tövsiyələr səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024