Elektron tibdə sosial media problemləri müzakirə olundu 2017-04-10 19:09:12 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin sosial media və elektron tibb fəaliyyətinə həsr olunmuş elmi seminarı keçirildi.

 

Şöbənin əməkdaşı Aytac İsayeva “Sosial media elektron tibdə” adlı məruzə ilə çıxış etdi. O, sosial medianın tibbin inkişafında rolu, sosial medianın növləri olan tibbi sosial şəbəkələr, bloqlar, mikrobloqlar və s. haqqında məlumat verdi.

 

A.İsayeva tibb mütəxəssislərinin sosial mediada fəaliyyəti barədə danışaraq bildirdi ki, sosial media tibb mütəxəssislərini informasiya mübadiləsini həyata keçirmək, səhiyyə siyasəti ilə bağlı debatlar aparmaq, sağlamlıqla bağlı davranışları müşahidə etmək, pasiyent və həmkarları ilə ünsiyyətdə olmaq, təhsil almaq üçün alətlərlə təchiz edir. Bununla yanaşı, sosial media səhiyyə mütəxəssislərinə tibbi yeniliklərin əldə olunması, ekspertlərin mühazirələrinin dinlənilməsi, tibbi tədqiqatların aparılması, xəstəyə dəqiq diaqnozun qoyulması, həmkarlarla konsiliumun keçirilməsinə və s. imkan verir.

 

O, həmçinin həkimlərin sosial mediadan istifadə zamanı etik normalara riayət etməsi, peşəkarlıq prinsiplərini onlayn şəbəkələrdə tətbiq etməsi, pasiyent-həkim münasibətlərində qarşılıqlı güvənin qorunması, pasiyetin maraqlarının nəzərə alınması ilə bağlı Amerika Həkim-Mütəxəssislər Kolleci və Beynəlxalq Tibbi Forumlar Federasiyasının irəli sürdüyü konseptual sənəddəki standartlardan danışdı.

 

Məruzəçi e-pasiyentlərin sosial mediada fəaliyyəti, “Patient 1.0” və “Patient 2.0” anlayışları haqqında məlumat verdi və sosial medianın pasiyentlər üçün yaratdığı imkanlardan söz açdı.

 

Sosial medianın tibdə tətbiqindən bəhs edən A.İsayeva onların ictimai sağlamlıq proqramlarının inkişafı, pasiyentlərin maarifləndirilməsi, yeni kliniki təqdiqatların aparılması və işçilərin seçilməsində rolu olduğunu vurğuladı. O, sosial mediada keyfiyyətsiz tibbi kontentlərin yerləşdirilməsi, professional imicin korlanması, pasiyent konfidensiallığının pozulması, şəxsi-peşəkar münasibət sərhədlərinin dağılması kimi risk faktorlarının mövcud olduğunu da qeyd etdi.

 

“Sosial media hər şeydən əvvəl e-tibb sferasında uğurlu biznesdir”, – deyə bildirən məruzəçi sosial medianın kapitalizasiyasının məhz farmaseptik şirkətlər və tibbi avadanlıq istehsalçıları ilə əməkdaşlıq nəticəsində mümkün olduğunu söylədi.

 

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024