“Microsoft Azure” platformasından istifadə məsələləri müzakirə olundu 2017-04-10 18:58:10 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Microsoft Azure” platformasından istifadə haqqında məruzə ilə çıxış edən institutun əməkdaşı Cəmil Qurbanzadə “Microsoft Azure”, “Amazon EC2”, “HP Cloud”, “IBM SmartCloud”, “Joyent Cloud”, “Rackspace” kimi şirkətlərin “cloud” xidmətləri təklif etdiyini diqqətə çatdırdı.  

 

C.Qurbanzadə “Microsoft” şirkətinin 2010-cu ilin fevral ayında təqdim etdiyi, Data Mərkəzlərdən ibarət qlobal şəbəkədə tətbiqləri yaratmaq, paylaşmaq və idarə etməyi təmin edən açıq bulud platforması olan “Windows Azure” barədə məlumat verdi. Bu platformanın sürət, iri miqyaslılıq, qənaətcillik, təhlükəsizlik baxımından bir sıra üstünlüklərə malik olduğunu söylədi.

 

“Windows Azure” ən çox beynəlxalq sertifikata layiq görülən yeganə “Cloud Computing” xidmətidir”, – deyə bildirən məruzəçi hazırda “Microsoft” şirkətinin “Azure” üzərindən istifadəçilərə 70 adda xidmət təqdim etdiyini vurğuladı. Qeyd etdi ki, bu şirkətin dünyanın 32 ölkəsində Data Mərkəzləri mövcuddur və mərkəzlərin ümumi dəyəri 15 milyard dollar təşkil edir. Onun sözlərinə görə, “Windows Azure”da serverlər əsasən “Windows Server” əməliyyat sistemi üzərində qurulmuşdur.

 

Sonra məruzəçi “Windows Azure”a daxilolma qaydalarını əyani nümayiş etdirdi. O, həmçinin bu platformanın “cloud ”xidmətləri göstərən digər şirkətlərdən fərqli cəhətlərini diqqətə çatdırdı və platformada olan veb-səhifələrin hostinqlərinin statistikasını təqdim etdi.

 

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024