Dron yaralıları daşıya biləcək 2017-04-10 18:43:34 / KONFRANSLAR

ABŞ ordusu müharibə vəziyyətində faydalı ola biləcək yeni texnologiyanın sınaqlarına başlayıb. “DP14” dronu yaralı şəxsi uzanmış vəziyyətdə daşımaq üçün iki propellerlə (pər) təchiz edilib. Qurğu xüsusi kameraya malik yük helikopterini xatırladır. Dron istənilən yerə enmək imkanına malikdir. Buna görə də, kifayət qədər ekstremal şəraitdə də yaralıları təxliyyə edə biləcək.

 

hi-news.ru saytının məlumatına görə, bu dron 200 kiloqrama qədər yük qaldırmaq imkanına malikdir, onun uzunluğu iki metr, korpusun eni isə yarım metr təşkil edir. İki saat havada qala bilən pilotsuz dron-sanitarın sürəti təxminən saatda 130 kilometrə çata bilər.

 

Aparat lazer, GPS və süni intellekt sistemləri sayəsində digər sistemlərdən əldə olunmuş məlumatlar əsasında müstəqil olaraq marşrutu müəyyən etməklə hərəkət edə biləcək. “DP14” hətta duman, toz və yağış olduqda belə istiqaməti müəyyənləşdirə bilir.

 

Bu kimi pilotsuz aparatların kütləvi tətbiqi haqqında hələ ki, məlumat verilmir. Lakin ABŞ ordusunda oxşar texnologiyalara tez-tez maraq göstərməyə başlayıblar.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ hərbçiləri çöl şəraitində qoşunların döyüş sursatı və ərzaqla təchizatı üçün nəzərdə tutulmuş “Hoverbike” dronunu sınaqdan keçirmişdilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024