“Information Processing and Management” jurnalında nəşr olunmuş məqalə müzakirə olundu 2017-04-10 18:31:43 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Onlayn otel rəylərinin “opinion mining”i – Mətn referatlaşdırma yanaşması” (“Opinion mining from online hotel reviews –A text summarization approach”, Ya-Han Hu, Yen-Liang Chen, Hui-Ling Chou, Information Processing and Management, 2017, vol.53, issue 2, pp. 436–449) adlı məqalənin müzakirəsinə həsr olunmuş növbəti elmi seminarı keçirildi.

 

“Information Processing and Management” jurnalında nəşr olunan məqaləyə dair çıxış edən şöbənin elmi işçisi Günay Niftəliyeva müasir dövrdə İnternet texnologiyaları və “Veb 2.0” tətbiqlərinin inkişafının turizm sənayesinə də öz təsirini göstərdiyini və bu sahədə bir sıra dəyişikliklərə səbəb olduğunu söylədi.

 

“Hazırda bir sıra turizm forumları və sosial şəbəkə saytları vasitəsilə insanlar hər hansı otel, restoran haqqında ətraflı məlumat əldə edə, öz təcrübələrini insanlarla bölüşə bilərlər”, – deyən G.Niftəliyeva qeyd olunan məqalədə onlayn turizm forumlarında “opinion mining” yanaşmasının təklif olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, məqalədə cümlələrin əhəmiyyətlilik dərəcəsinə görə ranqlaşdırılması üçün metod təklif olunmuşdur.

 

Tədqiqat prosesinin 5 əsas mərhələdə yerinə yetirildiyini söyləyən məruzəçi bu mərhələlərin hər biri barədə məlumat verdi. O, tədqiqat zamanı otel haqqında yazılan şərhlərin toplanması, şərhlər üzərində ilkin emalın həyata keçirilməsi, cümlələrin əhəmiyyətlilik dərəcəsinin hesablanması, cümlələr arasında yaxınlığın hesablanması, “Top-k” informativ cümlələrin müəyyən olunması kimi mərhələlərin həyata keçirildiyini nəzərə çatdırdı.

 

Sonra çıxış edən şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev məruzə ilə bağlı tövsiyələrini səsləndirdi, bu istiqamətdə araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğuladı.

 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023