Texnoparkların inkişaf modelləri müzakirə olundu 2017-04-07 11:13:59 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev giriş məruzəsində müasir innovativ strukturların, elmi texnoloji texnoparkların fəaliyyət səmərəliliyinin artırılması vasitələrindən birinin də həmin sahələrdə iqtisadi-riyazi model və metodların tətbiqi olduğunu qeyd etdi. O, mövzunun aktuallığını şərtləndirən və zəruri edən Milli Strategiyalar, Konsepsiya və Dövlət Proqramları haqqında məlumat verdi. Bildirdi ki, buraya “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, İnformasiya Cəmiyyətinin inkişafına dair  Milli Strategiya  (2014-2020-ci illər), “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” və s. aiddir.

 

İnnovativ texnoparkların fəaliyyət səmərəliliyinin artırılması yollarından bəhs edən Ə.Əliyev qeyd etdi ki, texnoparkın fəaliyyətinin stimullaşdırılması mexanizmlərinə vergi, gömrük, maliyyə və sığorta güzəştləri, vençur, innovasiya  və digər inkişaf fondlarından istifadə, dövlət yardımı, subsidiyalar və s. aiddir. Texnoparkların innovativliyinin artırılması üçün idarəetmə texnologiyalarının səviyyəsi yüksəldilməli, innovativ məhsulların inkişaf perspektivləri nəzərə alınmalı, innovativ  texnologiyalardan istifadə edilməli, mobil idarə etmə strukturu işlənilməli, fəaliyyət səmərəliliyinin yüksəldilməsində insan faktorunun rolunun artırılması, texnoparkın fəaliyyəti həm modernləşdirilməli, həm də modelləşdirilməlidir.

 

Sonra şöbənin böyük elmi işçisi Roza Şahverdiyeva “İnnovativ texnoparkların  fəaliyyət səmərəliliyinin artırılmasında iqtisadi-riyazi model və metodların tətbiqi məsələləri” mövzusunda məruzə etdi. O, model və modelləşdirmə vasitələri haqqında məlumat verərək bildirdi ki, model tədqiqat prosesində orijinal obyekti əvəz edir, həmin obyekt haqqında yeni məlumatın alınmasına səbəb olur. Qeyd etdi ki, iqtisadiyyat sahəsində parametrlərin qiymətləri təsadüfi amillərdən asılıdır. R.Şahverdiyeva bu kimi məsələlərin həllində ehtimal nəzəriyyəsi və riyazi statistika metodlarından istifadə edildiyini diqqətə çatdırdı.

 

“İqtisadi modelləşdirmə iqtisadi nəzəriyyənin əsas hissəsidir”, – deyən məruzəçi  iqtisadi-riyazi modellərin qurulmasına qoyulan tələbləri nəzərə çatdırdı. Bildirdi ki, buraya modellərin öyrənilən iqtisadi sistemlərə kifayət qədər adekvat olması, modellərin kifayət qədər sadə riyazi aparata malik olması və s.  aiddir.

 

Məruzəçi, həmçinin iqtisadi-riyazi modellərin təsnifatı və əsas növləri, struktur, qeyri-struktur və hibrid modellər, ekonometrik molellər və modelləşdirmənin əsas mərhələləri haqqında məlumat verdi.

 

Daha sonra o, ekonometrik modellərin qurulması üçün istifadə olunan tətbiqi proqram paketlərini, innovativ texnoparkların idarə olunması üçün kompleks  modellər sistemini və onun fəaliyyətinin  modelləşdirilməsi üzrə ilkin göstəriciləri diqqətə çatdırdı.

 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, bir sıra təkliflər irəli sürüldü.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024