Mobil hesablama buludlarının mövcud vəziyyəti müzakirə olunub 2017-03-31 18:25:01 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Mobil Cloud Computing: mövcud vəziyyəti, imkanları və problemləri” mövzusunda məruzə dinlənilib. Məruzəni təqdim edən institutun əməkdaşı Oqtay Ələkbərov mobil hesablama buludlarının mobil qurğuları baza stansiyalarının köməyi ilə İnternet üzərindən hesablama buludları sistemlərinə qoşan və onun xidmətlərindən istifadəni təmin edən yeni şəbəkə texnologiyası olduğunu bildirib.

 

O, mobil avadanlıqların mövcud vəziyyətinin müxtəlif göstəricilər üzrə inkişaf dinamikasını təqdim edib. Mobil avadanlıqlar, İnternet istifadəçiləri və İnternetə qoşulan mobil avadanlıqların inkişaf dinamikası, mobil avadanlıqlarda istifadə edilən əməliyyat sistemlərinin paylanması qrafikini diqqətə çatdırıb. Həmçinin mobil istifadəçilərin gündəlik istifadə etdiyi kontentin paylanma qrafiki, mobil İnternetin arxitekturası, mobil bulud xidmətləri istifadəçilərinin artım dinamikası, mobil Cloud Computing-də istifadə edilən xidmətlər və mobil istifadəçilərə Cloud Computing xidmətləri göstərən kiçik hesablama buludları – Cloudlet barədə məlumat verib.

 

Mobil hesablama buludlarının üstünlüklərindən söz açan məruzəçi qeyd edib ki, Cloud Computing mobil qurğuların batareyalarının işləmə müddətinin uzadılması, hesablama gücü və yaddaş həcminin artırılması, məlumatların bir neçə kompüterdə saxlanılması ilə etibarlılığının artırılmasına və s. imkan yaradır.

 

O.Ələkbərov Cloud Computing-in “Mobile Commerce”, “Mobile HealthCare”, “Mobile Learning”, “Mobile Gaming” kimi sahələrdə geniş tətbiq olunduğunu söyləyib. Həmçinin, mərkəzləşdirilmiş və iyerarxik arxitekturalı mobil hesablama buludları, o cümlədən mobil hesablama buludlarının əsas kriteriyaları haqqında ətraflı məlumat verib.

 

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024