Sosial media elmi kommunikasiya mühitinin yaradılması baxımından mühüm vasitədir 2017-03-31 17:22:54 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin “Sosial media elmi kommunikasiya vasitəsi kimi” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi. 

 

Məruzəni təqdim edən institutun əməkdaşı Nərgiz Verdiyeva sosial kommunikasiya vasitələrinin təkamülü haqqında məlumat verdi, sosial medianın veb 2.0 texnologiyalarının tətbiqinə əsaslanan və informasiyanın virtual cəmiyyətlər və şəbəkələrlə mübadiləsinə imkan verən vasitə olduğunu diqqətə çatdırdı. Bildirdi ki, sosial media istifadəçilərə kontent yaratmağa və kommunikasiyanı asanlaşdırmağa imkan verən platformalar əsasında qurulmuşdur.

 

O, qeyd etdi ki, bloqlar, RSS xəbərlər, tətbiqlər, sosial şəbəkə saytları, əlaqələndirilmiş qruplar və s. ibarət olan sosial media istifadəçiləri bir-biri ilə onlayn cəmiyyətlərlə əlaqələndirməklə sosial kommunikasiyanı asanlaşdırmağa xidmət edir. 

 

“Sosial şəbəkələrdə alimlərin fəallıq dinamikasını təyin etmək üçün veb-analitika, IP-analitika və statistik metodlardan istifadə olunur”, – deyə bildirən məruzəçi statistik tədqiqatların müşahidə, qruplaşdırma, statistik göstəricilərin emalına əsaslandığını qeyd etdi.

 

N.Verdiyeva elmi fəaliyyətlə məşğul olan şəxslərin ən çox müraciət etdikləri sosial şəbəkələrin siyahısını və onların sosial şəbəkələrdə fəallıq dinamikasını təqdim edərək bu şəbəkələrdə fəaliyyətin artırılması yollarından danışdı. Məruzəçinin sözlərinə görə, bu məqsədlə şəxsi veb-saytın yaradılması, ümumi maraqları olan insanların olduğu sosial media vasitələrinin izlənilməsi, onlayn alətlərdən istifadə olunması, digər istifadəçilərlə qarşılıqlı əlaqənin yaradılması vacib məsələlərdəndir.

 

Tədqiqatçıların elmi fəaliyyətinin izlənilməsi üçün “Google Scholar”, “ImpactStory”, “Open Researcher and Contributor ID” və digər alətlərdən istifadə olunduğunu bildirən N.Verdiyeva bu alətlərin üstünlükləri barədə məlumat verdi.

 

Sonda məruzəçi qeyd etdi ki, sosial mediadan istifadə tədqiqatçılar üçün elmi kommunikasiya mühitinin yaradılmasına və onların fəaliyyətinin səmərəliliyinin artırılmasına imkan verir.

 

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023