AzScienceNet-də FileSender xidmətinin tətbiqi məsələləri müzakirə olundu 2017-03-14 10:22:02 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın AzScienceNet şəbəkəsində FileSender xidmətinin tətbiqi məsələlərinə həsr olunduğunu diqqətə çatdırdı.

 

Məruzəni təqdim edən institutun əməkdaşı Səməd Dursunov FileSender tətbiqinin 2009-ci ildə TERENA təşkilatının (Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası) TF-Storage qrupu tərəfindən AARNET, UNINETT, HEAnet və SURFnet elm və təhsil şəbəkələrinin dəstəyilə tibbi məlumatlar, astronomik müşahidələr, genom ardıcıllığı və s. kimi böyük həcmli faylların mübadiləsi üçün yaradıldığını bildirdi. Qeyd etdi ki, proqram veb-brauzer vasitəsilə istənilən elektron poçt ünvanına 500 Gb-dək həcmə malik faylları göndərə bilir.

 

Avtorizasiya olunmuş istifadəçilərə böyük həcmli faylları təhlükəsiz və asan göndərməyə imkan verən FileSender-in iş prinsipini izah edən S.Dursunov həmçinin Apache veb-serveri, SimpleSAMLphp və digər proqramlar haqqında ətraflı məlumat verdi.

 

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023