Dil sənayesinin ölçülməsi üçün elmi-metodoloji baza formalaşdırılmalıdır 2017-02-28 12:23:44 / KONFRANSLAR

Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminarda çıxışı zamanı səsləndirib.

 

“Dil sənayesi biliklər iqtisadiyyatının seqmenti kimi” mövzusunda məruzə ilə çıxış edən şöbə müdiri biliklər iqtisadiyyatının əsas prinsipləri haqqında məlumat verib, elmi tədqiqat, təhsil, KİV, informasiya texnologiyaları, nəşriyyat işi, dil sənayesi, informasiya xidmətlərinin onun əsas seqmentləri olduğunu diqqətə çatdırıb.

 

Müasir dövrdə dünyada İKT-nin təsiri ilə elm, təhsil, media, iqtisadiyyat və digər sahələrin sürətlə qloballaşdığını söyləyən R.Mahmudov transmilli şirkətlərin öz bazarlarını daim genişləndirmək, çoxdilli bazarda fəaliyyət göstərmək, bütün dil seqmentlərini əhatə etmək iddiasında olduqlarını bildirib.

 

Dil sənayesinin, əsasən, elmi tədqiqat, dil texnologiyaları istehsalçıları, tərcümə, lokallaşdırma və nəşriyyat fəaliyyəti, dublyaj, o cümlədən turizm sənayesi sektorlarından ibarət olduğunu qeyd edərək qlobal dil sənayesi sahəsində elmi tədqiqatlar aparan “Common Sense” təşkilatı barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, hazırda dünyada dil sənayesinin həcmi 40 milyard dollara bərabərdir, 2020-ci ildə isə bu göstəricinin 45 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

 

R.Mahmudov, həmçinin tərcümə şirkətlərinin 2016-cı il üzrə dünya reytinqi, qlobal dil bazarının artım tempi və regionlar üzrə bölgüsü, tərcümə növlərinin bazar həcmi, dil xidmətlərinin sayına görə veb-saytların reytinqi və s. haqqında statistik göstəriciləri nəzərə çatdırıb.

 

“Müasir tərcümə texnologiyaları mətnləri minimal səhvlərlə çevirməyə imkan verir”, – deyə bildirən şöbə müdiri maşın tərcüməsinin əsas tətbiq sahələrindən danışıb. O, həmçinin dil sənayesi sahəsində fəaliyyət göstərən təşkilatlar, bu sahə üzrə məqalələrin dərc olunduğu jurnallar, beynəlxalq tərcümə standartları haqqında məlumat verib.

 

Ölkəmizdə dövlət dili ilə bağlı mühüm qərarların verildiyini söyləyən R.Mahmudov tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsinə nəzarət, ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilə və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarət olunması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib.

 

Məruzəçi ölkəmizdə dil sənayesinin formalaşdığını və onun inkişafı üçün zəruri iqtisadi şərtlərin mövcud olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanda dil sənayesi ilə bağlı müəyyən problemlərin həllinə ehtiyac olduğunu, o cümlədən dil sənayesinin ölçülməsi üçün elmi-metodoloji bazanın və dil xidmətlərinin normativ-hüquqi bazasının formalaşdırılması, milli tərcümə standartlarının işlənilməsi, dil sənayesində İKT-nin, həmçinin maşın tərcüməsinin tətbiqinin vacibliyini vurğulayıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024