İmplant-neyromodulyator insanı piylənmədən xilas edəcək 2017-02-22 17:43:24 / KONFRANSLAR

vBloc implantı beyinə daxil olan aclıq siqnallarını bloklayır.

 

Artıq çəki insanların həyatında bir çox problemlərin yaranmasına səbəb olur. Estetik görünüşü korlamaqla yanaşı, piylənmə bir sıra xəstəliklərin də yaranma riskini artırır. Bu səbəbdən bütün dünyada piylənmə ilə fəal şəkildə mübarizə aparılır. Şübhəsiz ki, ilk növbədə qidalanma rejiminin normallaşması vacibdir. Lakin əgər az yemək üçün insanların iradə gücü yetmirsə, nə etməli?

 

ABŞ-ın “EnteroMedics” şirkətinin hazırladığı qurğu zahirən iki elektrodlu kardiostimulyatoru xatırladır. vBloc adlı cihaz sadə bir cərrahi əməliyyat zamanı mədənin yerləşdiyi sahədə dəri altına yerləşdirilir, sonra isə iki məftili azan sinirinə (nervus vagus) birləşdirir. Məsələ ondadır ki, azan siniri mədə şirəsinin ifrazatına nəzarət edir, həzm prosesinə “cavabdehlik daşıyır”, həmçinin əks əlaqəni həyata keçirərək beyinə aclıq və doyma siqnallarını ötürür. İmplant quraşdırıldıqdan sonra pasiyentə stasionar şəraitdə qalmaq vacib deyil – o, əməliyyatdan dərhal sonra, nəzarət testləri tamamlandıqda evə buraxıla bilər.

 

hi-news.ru saytının məlumatına görə, orqanizmin əməliyyatdan sağala bilməsi üçün implant dərhal yox, yalnız 2-3 həftədən sonra işləməyə başlayır. VBloc hər gün 14 saat işləyir, batareyanın işləmə dövrü isə 10 il təşkil edir. Pasiyent sonra batareyanı yenidən doldura bilmək imkanına malikdir.

 

İdarəetmə naqilsiz rabitə üzrə xüsusi proqramın köməyilə həyata keçirilir. İmplantın “təsir intensivliyi”ni nizama salmaq da mümkündür. İşin gedişatında dərialtı implantda olan impulslar azan siniri vasitəsilə mədədən baş beyinə ötürülən siqnalları dəyişdirir. Beləliklə,  pasiyent aclığı daha az hiss edir, daha az yeyir və bu da çəkinin azalmasına gətirib çıxarır.

 

Qurğu kifayət qədər baha, 18,5 min dollara (bu məbləğə həm cihaz, həm də əməliyyat xərcləri daxildir) olmasına baxmayaraq artıq onu əldə etmək üçün müraciətlər qeydə alınmışdır.

 

İllərlə artıq çəkidən əziyyət çəkən və onunla mübarizə aparan ABŞ sakini Keti Nyuell 2016-cı ilin dekabrında vBloc-dan istifadə edərək tədricən çəki itirməyə başlamışdır.  Keti bu müddətdə 3 kiloqram arıqlamışdır ki, bu da  pasiyentin sözlərinə görə, böyük irəliləyişdir: “Yavaş-yavaş arıqlamaq, heç arıqlaya bilməməkdən yaxşıdır”.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024