Kepler teleskopu Yerə çox bənzəyən planet aşkarlayıb 2014-04-21 10:49:35 / KONFRANSLAR

Nasa alimləri Kepler teleskopunun köməyi ilə Yerə bir çox xüsusiyyətlərinə görə bənzəyən planet kəşf ediblər. Aşkarlanan Kepler 186f planeti Qu Quşu bürcundəki qırmızı cırtdan Kepler 186-nın ətrafında dövr edir.

Araşdırmaçılar əvvəllər də Yer planetinə bənzəyən olanetlər aşkarlamışdılar. Amma bir çox hallarda yenə də bir çox xüsusiyyətlərinə görə bu planetlər Yerdən fərqlənirdi. Bu planetin diametri Yerin diametrindən cəmi 10% böyükdür, ən əsası da odur ki bu planet yaşayış üçün əlverişli zonada qərarlaşıb. Bu zonadakı hərarət suyun maye halda qalmasına imkan verir, bu da öz növbəsində orada canlı orqanizmlərin olabiləcəyi ehtimalını yaradır.

NASA-nın rəsmi səhifəsində verilən məlumatlara görə Kepler 186 Yerdən 500 işıq ili məsafədədir, planetin Kepler 186-nın ətrafında bir tam dövrə vurması 138 gün çəkir.

Kepler 186 kimi ulduzların sayı kifayət qədər çoxdur, belə bir planetin aşkarlanması isə qirmızı cırtdanların da həyat şərtlərinə uyğun planetinin ola biləcəyini göstərir. Bu isə öz növbəsində alimlərə Yer ilə demək olar ki, eyni olan bir planet tapmaq ümidini verir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024