Süni intellekt yalnız müsbət hədəflərə xidmət etməlidir 2017-02-07 16:22:50 / KONFRANSLAR

Dünya şöhrətli fizik Stiven Hokinq və “Tesla Motors” şirkətinin təsisçisi İlon Mask süni intellektin insana ziyan vurmayacağı və yalnız müsbət hədəflərə xidmət edəcəyinə zəmanət verən bir sıra prinsipləri dəstəkləyiblər.

 

Sözügedən pakt insanların təhlükəsizliyini təmin etmək, həmçinin süni intellektə dair çoxsaylı sualları cavablandırmaq üçün vacibdir. Mask süni intellektin potensial olaraq nüvə silahından daha təhlükəli ola biləcəyindən əmindir. Hokinq də onunla həmfikirdir və iddia edir ki, süni intellekt bəşəriyyəti məhv edə bilər. Lakin onların hər ikisi etiraf edir ki, insanlar süni intellekt sayəsində xərçəng xəstəliyini müalicə etmək və ya qlobal istiləşməni ləngitmək kimi mühüm problemləri həll edə biləcəklər.

 

news.rambler.ru saytının məlumatına görə, müəyyən olunmuş 23 prinsip 3 kateqoriyaya bölünür: “Tədqiqat məsələləri”, “Əxlaq və dəyər məsələləri” və “Uzunmüddətli problemlər”. İlk kateqoriyaya süni intellektin yaradıcıları qarşısında dayanan sualların cavabları, həmçinin maliyyə məsələləri aiddir. 2-ci kateqoriyada təhlükəsizlik məsələləri və təhdidlərin neytrallaşdırılması üsullarına toxunulub. 3-cü kateqoriyada isə süni intellektin inkişafının pik həddinə nail olacağı və superintellektin meydana çıxacağı zaman bəşəriyyətin rastlaşa biləcəyi mümkün risklər təsvir edilib.

 

Qeyd olunan prinsiplər 2017-ci ilin yanvar ayının başlanğıcında süni intellektin müzakirəsinə həsr edilmiş konfransda hazırlanıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024