Yeni süni intellekt modeli intellektual qabiliyyətlərinə görə insanları üstələyir 2017-01-30 10:59:56 / KONFRANSLAR

ABŞ-ın Şimal-qərb Universitetindən (Northwestern University) olan tədqiqatçılar qrupu süni intellekt sistemləri üçün standart intellekt səviyyəsinin (IQ) yoxlanılması testlərinin nəticələrinə əsasən, orta insan səviyyəsini üstələyən yeni model hazırlayıblar. Bu model daha mürəkkəb sistemlərin yaradılması istiqamətində əhəmiyyətli addımdır.

 

“Bizim modelimizin IQ üzrə standart testlərdə göstərdiyi nəticələr 75 faiz halda insanların nəticələrini üstələyir. Bu, sistemin intellektual qabiliyyətlərinin orta statistik insanının qabiliyyətlərindən üstün olduğunun göstəricisidir”, – yeni modelin istehsalçılarından biri olan Ken Forbus belə deyib.  Qeyd edib ki, insanlar üçün mürəkkəb olan problemlər süni intellekt üçün də çətinliklər yaradır. Bu, modelin ətraf aləmi qavramasının insanların qavranma prosesindən o qədər də fərqlənməməsindən irəli gəlir.

 

dailytech.info saytının məlumatına görə, yeni hesablama modeli Ken Forbus laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanmış “CogSketch” süni intellekt sistemləri platformasına əsaslanıb. Bu platforma sadə eskizlər şəklində təqdim edilmiş vizual informasiyanı belə real əşya və hadisələrlə əlaqələndirərək tanımaq qabiliyyətinə malikdir. 

 

“Yeni süni intellekt sistemlərinin əksəriyyəti bizi əhatə edən aləmi tanıma və onu identifikasiya etməyə istiqamətlənib. Lakin tanıma və identifikasiya obyektlər əsaslandırıldıqda daha faydalıdır”, – K.Forbus deyib. Buna görə də, süni intellekt sistemlərinin növbəti nəsli gördükləri haqqında fikir irəli sürmək imkanına malik olmalıdırlar. Yalnız o zaman süni intellekt ən yüksək intellekt səviyyəsinə malik insanları geridə qoya biləcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024