“AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarı keçiriləcək 2017-01-12 14:17:34 / KONFRANSLAR

Yanvarın 31-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarının keçirilməsi nəzərdə tutulur.

 

Tədbirin keçirilməsində məqsəd ölkənin elm və təhsil qurumlarının AzScienceNet Elm-Kompüter Şəbəkəsinin (EKŞ) mövcud infrastrukturu, göstərdiyi xidmətlər, yüksək hesablama və yaddaş imkanları, elektron elmin inkişafında rolu, rouminq və bulud xidmətləri, şəbəkənin monitorinqi və təhlükəsizliyi, beynəlxalq elmi mühitə inteqrasiyası, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi-tədqiqat imkanları kimi aktual məsələlərlə bağlı məlumatlandırılmasıdır.

 

Yanvarın 10-da “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarına hazırlıq məqsədilə təşkilat komitəsinin iclası keçirildi. AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AzScienceNet EKŞ-nin AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirdiyini bildirdi. Qeyd etdi ki, AzScienceNet şəbəkəsi AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA rəhbərliyinin dəstəyilə Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyasında Azərbaycanı təmsil edir.

 

Akademikin sözlərinə görə, AzScienceNet ölkə başçısının apardığı uğurlu xarici siyasətin tərkib hissəsi olaraq, “EaPConnect” layihəsi çərçivəsində Avropa Birliyi və dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurur və AMEA-nın alim və mütəxəssislərinin dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır.

 

R.Əliquliyev dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AzScienceNet EKŞ-nin fəaliyyətinin gücləndirilməsi ilə bağlı qərar qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, qərarda İnformasiya Texnologiyaları İnstitutu tərəfindən AzScienceNet şəbəkəsinin fəaliyyətinin gücləndirilməsinə dair tədbirlər planının hazırlanması, şəbəkənin maddi-texniki bazasının, e-poçt xidməti fəaliyyətinin, İnternet-monitorinq və İnternet-analitikası işlərinin gücləndirilməsi və digər məsələlər öz əksini tapır. Sənəddə, həmçinin AzScienceNet üzərindən Azərbaycanın regionlarında yerləşən elm və təhsil müəssisələri üçün distant tədris xidmətlərinin həyata keçirilməsi, “EaPConnect” layihəsi çərçivəsində Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədilə AzScienceNet-in müvafiq beynəlxalq qurumlarla əlaqələrinin gücləndirilməsi ilə bağlı məsələlər də yer alır.

 

Alim həmçinin dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən AMEA-nın Ümumi yığıncağı və AR Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında Azərbaycanda elm və təhsilin inteqrasiyasında İKT-nin rolu və perspektivləri, bu istiqamətdə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin müzakirə olunduğunu bildirdi. Bu vəzifələrin yerinə yetirilməsi üçün “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusu üzrə respublika elmi-praktiki seminarının keçirilməsinin zəruriliyini vurğuladı.

 

İnstitutda AzScienceNet EKŞ ilə bağlı əsaslı elmi tədqiqatların aparıldığını bildirən R.Əliquliyev müvafiq sahə üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini qeyd etdi.

 

Sonda müzakirələr aparıldı, təklif və tövsiyələr səsləndirildi.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024