AMEA İnformasiya Texnologiyaları İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi 2013-11-27 11:05:07 / KONFRANSLAR

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilib. 

Elmi şura üzvləri, gənc alim və mütəxəssislərin iştirak etdiyi tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi və müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev açıb. Şuranın vəzifə və məqsədlərindən bəhs edən R.Əliquliyev bildirib ki, AMEA-nın fəaliyyətinin əsas prioritetlərindən biri də gənclərə qayğı, gənc nəslin elmə cəlb edilməsidir. İnstitut direktoru akademiya sistemində elmi-innovativ fəaliyyətin yüksək səviyyədə təşkilində mühüm rol oynayan gənc alim və tədqiqatçıların hazırlanması istiqamətində məqsədyönlü işlərin aparıldığını bildirib: “AMEA-da gənclərlə müxtəlif görüşlər, tədbirlər keçirilir. Əsas məqsədimiz gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsidir. Gənc alim və mütəxəssislər şurası dövlətin gənclər siyasətini həyata keçirəcək icraçı bir qurum olacaq”. 

R.Əliquliyev istedadlı, yaradıcı kadrların elmi-tədqiqat müəssisələrinə cəlb edilməsi, onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən də bəhs edib: “İnnovativ elmi fəaliyyəti ilə fərqlənən, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan gənclərə yüksək diqqət göstərilir ki, bu da yaş senzinin bərpasında, elmin “cavanlaşması” prosesinin vüsət almasında mühüm rol oynayır”. 

“Bu gün Milli Elmlər Akademiyasında dünyanın aparıcı elmi-tədqiqat institut və mərkəzləri, nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri, innovativ bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi önəm verilir. Gənc alim və mütəxəssislərin təhsillərini davam etdirməsi və təcrübə toplaması üçün məqsədyönlü işlər aparılır, beynəlxalq əlaqələr genişləndirilir” – bildirən AMEA-nın akademik-katibi qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da əsas hədəflərindən biri istənilən sahədə yüksək göstəricilər əldə etməklə strateji məqsədlərə nail olmaq, inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır ki, bu proseslərin vüsət almasında aparıcı qüvvə də məhz gənclərdir. 

Tədbirdə çıxış edən institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, sektor müdiri Şəfəqət MahmudovaAygün ƏhmədovaŞahzadə MədətovaKönül Daşdəmirova və başqaları biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin vüsət almasında aparıcı qüvvənin yüksək ixtisaslı, innovativ təfəkkürə malik gənclər olduğunu qeyd etdilər. Şuranın gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması və s. məsələlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını vurğulayaraq yeni təsis edilən qurumun işinə uğurlar dilədilər. 

Sonra Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildilər. Tərkibi 28 nəfərdən ibarət olan şuranın sədri elmi işçi Rəhilə Həsənova, sədr müavini isəMəmməd Həşimov seçildilər. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024