AzScienceNet elm-kompüter şəbəkəsinin İnternet Xidmətləri Mərkəzinin açılış mərasimi keçirildi 2016-10-18 18:15:49 / KONFRANSLAR

Bu gün AMEA-nın Əsas binasında AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) İnternet Xidmətləri Mərkəzinin açılış mərasimi keçirildi.

 

Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademik İbrahim Quliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, AMEA-nın Akademiya şəhərciyinin direktoru Bayram Babayev və Mərkəzin əməkdaşları iştirak edirdilər.  

 

Öncə akademik Akif Əlizadə İnternet Xidmətləri Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsdi. Sonra qonaqlar mərkəzin “Şəbəkə infrastrukturunun inkişafı və texniki xidmət”, “Şəbəkə sistemləri”, “Audio-video texnologiyalar”, “Elmi araşdırmalar və innovativ texnologiyalar” sektorlarında yaradılmış innovativ şəraitlə yaxından tanış oldular.

 

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Mərkəzin yaradılmasında göstərdikləri dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra qonaqlara ölkəmizdə elektron elmin şəbəkə platforması olan AzScienceNet EKŞ-nin təqdim etdiyi imkanlar barədə məlumat verdi.

 

Bildirdi ki, bu şəbəkə AMEA-nın elmi müəssisə və təşkilatlarının Avropanın elm və təhsil şəbəkələri mühitinə inteqrasiyasını, müvafiq beynəlxalq qurumlarla əlaqələrini, dünyanın nüfuzlu elmi bazalarının elektron resurslarından istifadəsini, həmçinin böyük həcmli informasiyanın İnternet üzərindən mübadiləsini təmin edərək elm və təhsil şəbəkələri üzrə milli operator funksiyasını yerinə yetirir.

 

İndiyədək AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus 6500-ə yaxın kompüter avadanlığının AzScienceNet şəbəkəsinə qoşulduğunu söyləyən R.Əliquliyev AzScienceNet şəbəkəsinin texniki imkanlarının genişləndirilməsi nəticəsində hazırda onun hesablama gücünün 15 Tflops, xarici yaddaşının həcminin 400 Tbayt-a bərabər olduğunu, İnternetə qoşulma sürətinin isə 1,41 Gbit/s-ə  çatdırıldığını vurğuladı.   

 

R.Əliquliyev AzScienceNet şəbəkəsinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da qarşıya qoyulan elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi mühüm vəzifələrin həyata keçirilməsi məqsədilə yaradıldığını nəzərə çatdırdı. Sözügedən strategiyaların tədbirlər planında da AzScienceNet-in imkanlarının genişləndirilməsi məsələlərinin öz əksini tapdığını vurğuladı.

 

Bildirdi ki, 26 elmi müəssisə və təşkilatı əhatə edən Akademiya Şəhərciyində 4000-ə yaxın əməkdaşa genişzolaqlı İnternet xidməti göstərən, müasir telekommunikasiya avadanlıqları və proqram təminatları ilə təchiz olunmuş İnternet Xidmətləri Mərkəzinin istifadəyə verilməsi də məhz bu istiqamətdə görülən işlərə dəstəkdir.

 

“AzScienceNet dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurararaq AMEA-nın institut və təşkilatları əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaradır”, – deyə bildirən R.Əliquliyev qeyd etdi ki, bunun nəticəsində, alimlərin öz tədqiqatlarında böyük həcmli verilənlərdən birgə istifadə etməsinə və böyükmiqyaslı elmi layihələr həyata keçirilməsinə imkan yaranır.

 

Akademik, həmçinin AzScienceNet-in elm və təhsil üçün yüksək keyfiyyətli beynəlxalq İKT infrastrukturunun yaradılması, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşdırılması, elmi məqsədlər üçün istifadə olunan milli və beynəlxalq elektron infrastrukturların təkmilləşdirilməsi məsələlərinin birgə təşkilinə xidmət edən GEANT Assosiasiyasına üzv seçilməklə 40-dan çox ölkə ilə əməkdaşlıq əlaqələri qurduğunu önə çəkdi. Bildirdi ki, Azərbaycanı GEANT Assosiasiyası və onun layihələrində AzScienceNet təmsil edir.

 

AzScienceNet-in assosiasiyanın yeni “HORIZON 2020” proqramı çərçivəsində maliyyələşdiriləcək “GEANT 4” layihəsində iştirakının nəzərdə tutulduğunu vurğulayan alim layihənin əsas hədəflərinin hər bir avropalı alimi “rəqəmsal alimə” çevirmək, elmi-tədqiqatlarda yaradıcılıq və səmərəliliyi artırmaq, inkişaf etmiş və az inkişaf etmiş regionlar arasındakı rəqəmsal fərqi aradan qaldırmaq olduğunu söylədi.

 

Alimin sözlərinə görə, AzScienceNet şəbəkəsi, həmçinin ölkəmizi Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional İnternet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün həyata keçirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsində də təmsil edir: “2016-cı il ərzində həyata keçirilən layihənin koordinatoru GEANT Assosiasiyasıdır. Layihədə regional şəbəkə yaradılaraq GEANT-a qoşulmuşdur ki, bunun nəticəsində AzScienceNet beynəlxalq elmi-tədqiqat şəbəkəsinə qoşulma sürəti 1 Gb/s-ə çatdırılmışdır. “EaPConnect” layihəsi Şərq tərəfdaşlığı regionunda fəaliyyət göstərən 2 milyondan çox alim, gənc tədqiqatçı, müəllim və tələbələrə Avropa Birliyi ölkələri ilə daha sıx əməkdaşlıq etmək imkanı yaradır”.

 

Sonda R.Əliquliyev AzScienceNet şəbəkəsinin imkanları və təklif etdiyi xidmətlər barədə AMEA əməkdaşlarının məlumatlandırılması məqsədilə treninq və seminarların keçirilməsinin zəruriliyini qeyd etdi.

 

Mərkəzdə AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarına təqdim olunmuş xidmətlər barədə məlumat verən AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bildirdi ki, bu xidmətlərə Wi-Fi, Eduroam, Cloud Computing, Cloud Storage, Klaster Hesablama, Hostinq, Eduroam, İP Telefoniya, paylanmış çoxterminallı məlumat xidməti, operativ məlumatlandırma, videokonfrans, e-kitabxana, distant tədris və s. daxildir. Qeyd etdi ki, AMEA-nın institut və təşkilatları ilə yanaşı, ölkənin ali təhsil müəssisələri, digər elmi qurumlar və fərdi istifadəçilər AzScienceNet şəbəkəsinin təqdim etdiyi Cloud Computing xidmətindən yararlanmaq imkanına malikdir.

 

R.Ələkbərovun sözlərinə görə, şəbəkədə e-elmin əsas məqsədlərindən olan AMEA institut və təşkilatları, eləcə də respublikanın digər elmi qurumlarının fəaliyyətinin İKT-nin tətbiqi ilə yenidən qurulması, elmin informasiya təminatının yaradılması, elmi fəaliyyətdə İKT-nin tətbiqi, kadr hazırlığı və s. istiqamətlərdə tədbirlərin həyata keçirilməsinə dəstək verilir. Bu tədbirlər çərçivəsində ölkədaxili şəbəkələrlə əlaqələrin yaradılması e-elmin respublikanın elmi qurumlarını tam əhatə etməsinə şərait yaradacaq.

 

“AzScienceNet EKŞ-nin Data-Mərkəzində strateji əhəmiyyətli onlayn informasiya resurslarının saxlanması və istifadəsi təmin edilir”, – deyə bildirən R.Ələkbərov bu şəbəkənin AMEA-da fəaliyyət göstərən tədqiqatçılar üçün geniş imkanlar açdığını və burada alim və mütəxəssislər tərəfindən işlənilən metod və alqoritmlərin adekvatlığının yoxlanılması, təcrübədən keçirilməsi və əsaslı tədqiqatların aparılmasının mümkünlüyünü ifadə etdi.

 

O, həmçinin qeyd etdi ki, AzScienceNet şəbəkəsində fəaliyyət göstərən informasiya təhlükəsizliyinin monitorinqi sistemi vasitəsilə şəbəkənin fəaliyyətinin, o cümlədən AMEA əməkdaşlarının İnternet resurslarından istifadəsinin monitorinqi və təhlükəsizliyi təmin edilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023