İnstitutun struktur bölmələrinin 2016-cı il üçün yarımillik hesabat iclasları başlandı 2016-06-22 10:45:17 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin 2016-cı il üçün yarımillik hesabat iclasları başlandı.

 

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırdı. İnstitutun struktur bölmələrində informasiya texnologiyalarının ən aktual problemlərinə həsr olunmuş elmi-tədqiqatların aparıldığını bildirdi, cari ildə görülmüş işlərin əhəmiyyətindən söz açdı. Alim institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş yüksək elmi nəticələrin dünyanın nüfuzlu beynəlxalq jurnallarında əksini tapması və institutun qlobal elmi mühitə inteqrasiyası istiqamətində işlərin aparılmasının zəruriliyindən danışdı.

 

Sonra institutun 1 saylı şöbəsinin layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova şöbənin 2016-cı il üçün yarımillik hesabatını təqdim etdi. Cari ildə şöbənin elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabçaların hazırlanması və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

 

M.Hacırəhimova bildirdi ki, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri istiqamətində neft-qaz sənayesində böyük verilənlərin analizi üçün modelin işlənməsi üzrə araşdırmalar davam etdirilir. Bu istiqamətdə Big Data texnologiyalarının elmi-nəzəri və təhlükəsizlik problemləri tədqiq olunmuş, qərar qəbuletmənin əsas komponenti kimi Big Data, biznes analitikası və əməliyyat verilənlərinin intellektual analizi texnologiyalarının inteqrasiyası üçün ümumi arxitektur model təklif edilmişdir. Böyük verilənlərin emalı prosesindəki bütün mərhələlər (verilənlərin toplanması, inteqrasiyası, analizi, tətbiqi) araşdırılmış, hər bir mərhələdə mövcud olan problemlərin aşkarlanaraq aradan qaldırılması üçün bəzi tövsiyələr verilmiş, böyük verilənlərin analizi prosesində gizli qanunauyğunluqların, naməlum korrelyasiyaların aşkarlanmasında mövcud olan problemlər təhlil olunmuşdur.

 

Onun sözlərinə görə, şöbədə inkişaf etmiş ölkələrin (Amerika, Yaponiya, Böyük Britaniya və s.) Big Data çağırışları tədqiq olunmuş, Big Datanın ölçülməsi üçün ilkin indikatorlar və dünya üzrə xəritəsi araşdırılmışdır. Verilənlər haqqında elmin (Data Science) terminoloji, tarixi aspektləri, mahiyyəti təhlil olunmuş, Data Science-in aparıcı universitetlərdə bir fənn kimi bakalavr, magistr və doktorantura təhsil səviyyəsində tədrisində (kompüter və tibb ixtisasları üzrə) mövcud vəziyyət analiz olunmuşdur.

 

Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun qrant layihəsində iştirak edildiyini diqqətə çatdırdı.

 

M.Hacırəhimova şöbə əməkdaşları tərəfindən 19 konfrans materialının dərc olunduğunu, nüfuzlu elmi jurnallara 9 məqalənin təqdim edildiyini bildirdi. O, həmçinin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda məqalələrin nəşri və elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlərdən danışdı.

 

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, məruzəçi çoxsaylı sualları cavablandırdı.

 

Sonra akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə Big Data problemləri üzrə aparılan elmi-tədqiqatların dərinləşdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, müasir informasiya cəmiyyəti quruculuğu şəraitində rəqəmsal irsin qorunması problemi üzrə fundamental elmi-tədqiqatların aparılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi zəruridir.

 

Sonda şöbənin cari il üzrə yarımillik hesabatının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023