Proqramla idarə olunan şəbəkə texnologiyalarının tətbiqi perspektivləri müzakirə olunub 2016-06-08 12:15:10 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti seminarı keçirilib.

 

“Proqramla idarə olunan şəbəkə texnologiyaları” mövzusunda məruzəni təqdim edən AzScienceNet-in şəbəkə administratoru Məmmədrəsul Yaqubov bu texnologiyalar haqqında ətraflı məlumat verib. Proqramla idarə olunan şəbəkə texnologiyalarının (Software Defined Networking – SDN) şəbəkə administratorlarına yüksək səviyyəli funksionallıqlar vasitəsilə şəbəkələri idarəetmə imkanı verəcəyini bildirib.

 

Ənənəvi şəbəkə marşrutlayıcılarından bəhs edən məruzəçi marşrutlayıcıların idarəolunma, idarəetmə və data panellərindən ibarət olduğunu söyləyərək proqramla idarə olunan şəbəkə texnologiyalarının əsas konsepsiyası və kontrollerləri haqqında danışıb.

 

Məruzəçi bu texnologiyaların təhlükəsizlik problemlərini diqqətə çatdıraraq kontroller və şəbəkənin digər avadanlıqları arasında fəaliyyət göstərən protokol və ya proqram təminatlarının şəbəkənin məhsuldarlığını azalda biləcək təhdidlərə həssas olduğunu və mərkəzləşdirilmiş idarəetmə nöqtəsinin sıradan çıxması və ya hücuma məruz qalmasının sistemi təhlükə altına qoyduğunu söyləyib. Bu kimi problemlərin həllində istifadə olunan elmi-texniki yanaşma və metodlar xüsusilə qeyd olunub.

 

O, həmçinin proqramla idarə olunan şəbəkə texnologiyalarının tətbiqi perspektivlərindən söz açaraq şəbəkə mühəndisliyində yeni anlayış olduğunu və getdikcə ənənəvi şəbəkə texnologiyalarını əvəz etdiyini nəzərə çatdırıb.

 

Müxtəlif kontrollerlərə və istifadəçilərə resursların paylanması, optimallaşdırma və s. problemlərin həll edilməsi məqsədilə proqramla idarə olunan şəbəkə texnologiyaları ilə bağlı davamlı araşdırmaların aparılmasının zəruriliyini qeyd edib.

 

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024