Azərbaycan Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu 2016-05-10 16:15:29 / KONFRANSLAR

 

Mayın 6-da Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Dəniz nəqliyyatında innovativ texnologiyalar” XI Beynəlxalq elmi-texniki konfransı çərçivəsində bu qurumun AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış yeni veb-saytının təqdimatı keçirildi.

 

İnstitutun şöbə müdiri Gülnarə Nəbibəyova veb-saytı təqdim edərək onun strukturu və dizaynı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, veb-saytın əsas məqsədi Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi-pedaqoji fəaliyyəti və akademiya ilə bağlı mühüm tədbirlər haqqında məlumatların, əldə edilən nailiyyətlərin operativ olaraq ölkə və dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

Veb-saytın institutun AzScienceNet Elm Kompüter Şəbəkəsinin (EKŞ) Data Mərkəzində yerləşdirildiyini söyləyən G.Nəbibəyova onun EKŞ-nin təhlükəsizlik siyasətinə uyğun hazırlandığını və hərtərəfli audit olunduğunu nəzərə çatdırdı.

 

“Azərbaycan Dövlət Dəniz Akademiyasının 3 dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərəcək veb-saytında “Xəbərlər”, “Elanlar”, “Akademiya haqqında”, “Təhsil”, “Elm”, “Beynəlxalq fəaliyyət”, “Tələbə həyatı” kimi bölmələr, həmçinin akademiyada təşkil olunan mühüm tədbirlər haqqında foto və video materialların yerləşdirilməsi üçün “Fotoqalereya” və “Videoqalereya” bölmələri yer alıb”, – deyə şöbə müdiri bildirdi.

 

Veb-saytın geniş axtarış-informasiya sisteminə malik olduğunu bildirən G.Nəbibəyova burada akademiyanın tarixi, rəsmi sənədləri, rəhbərliyi, struktur bölmələri haqqında məlumatların yerləşdirildiyini də söylədi.

 

Məruzəçinin sözlərinə görə, internet-resursda akademiyanın elmi-tədqiqat fəaliyyəti, doktorantura və dissertasiya şuraları, elmi konfranslar, Tələbə Elmi Cəmiyyəti, Gənc Alimlər Şurası, eləcə də ADDA-nın əməkdaşlarının, respublika və xarici ölkə alimlərinin məqalələrinin yer aldığı elmi jurnal haqqında məlumat verilir. Saytın “Təhsil” bölməsində akademiyaya qəbul qaydaları, fakültələr və laboratoriyalarla bağlı məlumatlar yerləşdirilib, “Beynəlxalq əməkdaşlıq” bölməsində isə akademiyanın əməkdaşlıq etdiyi xarici ali məktəblər göstərilib.

 

G.Nəbibəyova bildirdi ki, veb-saytın inkişafı üçün burada yerləşdirilmiş sayğac vasitəsilə sayta edilən müraciətlər haqqında ətraflı məlumat əldə etmək mümkündür. Veb-saytda həmçinin mühüm linklər və sosial şəbəkələrə keçidlər yer alıb.

 

Şöbə müdiri veb-saytın administrasiyası üçün təyin olunmuş məsul şəxsə AMEA İnformasiya Texnologiyaları İnstitutunda saytın idarə edilməsinə dair treninqlərin keçirildiyini diqqətə çatdırdı.

 

ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Faiq Nağıyev çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Dəniz Akademiyasının elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində görüləcək işlərdən söz açdı. AMEA rəhbərliyi və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarına veb-saytın yaradılmasında göstərdikləri köməyə görə öz təşəkkürünü bildirdi.

 

Sonra təqdimata dair geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024