AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olundu 2016-04-08 12:49:43 / KONFRANSLAR

 

Aprelin 7-də AMEA Rəyasət Heyətində Akademiyanın elmi bölmələrinin veb-saytlarının təqdimatına həsr olunmuş müşavirə keçirildi.

 

Müşavirədə Akademiyanın elmi bölmələrinin elmi katibləri, AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun məsul şəxsləri və əməkdaşları iştirak edirdi.

 

Öncə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda ilk veb-sayt olan science.gov.az-ın 1995-ci ildə fəaliyyətə başladığını diqqətə çatdırdı. Bu gün Azərbaycan elminin carçısı olan science.gov.az-ın böyük nüfuza malik olduğunu, ölkə elmində baş verən hadisələrin portalda operativ və dolğun şəkildə işıqlandırıldığını bildirdi. Qeyd etdi ki, bu gün təqdim olunacaq veb-saytları məhz AMEA-nın rəsmi portalı olan science.az-ın törəmələri hesab etmək olar.

 

Akademik R.Əliquliyev son illərdə AMEA-da informasiya-koommunikasiya texnologiyalarının sürətlə tətbiq olunduğunu vurğulayaraq, artıq science.az-ın vahid informasiya siyasətinin formalaşdığını dedi. Qeyd etdi ki, Azərbaycan elmində baş verən yeniliklər və alimlərimizin fəaliyyətinə dair məlumatlar təkcə veb-sayt deyil, həm də sosial şəbəkələr vasitəsilə operativ olaraq yayımlanır.

 

R.Əliquliyev rəhbərlik etdiyi qurumun AMEA-nın elmi bölmələrinin veb-saytlarına daim texnoloji dəstək göstərəcəyini vurğuladı. Alim, Akademiyada fəaliyyət göstərən veb-saytların səmərəliyini artırmaq məqsədilə müxtəlif müsabiqələrin, çoxmeyarlı qiymətləndirmələrin nəzərdə tutulduğunu da bildirdi.

 

Sonra İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova AMEA-nın elmi bölmələrinin veb-saytlarını təqdim etdi. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin saytının nümunəsində çıxış edən məruzəçi qeyd etdi ki, elmi bölmələrin veb-saytlarının yaradılmasında əsas məqsəd elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasıdır.

 

Ə.Qurbanovanın sözlərinə görə, veb-saytlar Xüsusi Dövlət Mühafizə Xidmətinin, o cümlədən AR Nazirlər Kabinetinin İnternet informasiya ehtiyatlarının yaradılması Qaydalarına uyğunlaşdırılmış, təhlükəsizlik tam şəkildə təmin olunmuşdur. Sonra məruzəçi saytın strukturu haqqında geniş məlumat verdi. Bildirdi ki, saytın ana səhifəsində elanlar və müxtəlif kateqoriyalar üzrə xəbərlər yerləşdirilmişdir. O, veb-saytın güclü axtarış sisteminə malik olduğunu, həmçinin burada bölmə ilə əlaqəli mühüm linklərin də yer aldığını diqqətə çatdırdı. 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərəcək saytda “Elmi-tədqiqat müəssisələri”, “Dövri nəşrlər”, “Problemlər üzrə elmi şuralar”, bölmənin rəsmi sənədləri”, “Dövlət Proqramları və layihələr”, “Konfranslar, seminarlar” kimi bölmələrin də yer aldığını nəzərə çatdırdı.

Sonda tədbir iştirakçıları təqdimata dair geniş fikir mübadiləsi apardılar, bir sıra təkliflər səsləndirdilər.  

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023