“EaPConnect” layihəsi Avropanın elm və təhsil şəbəkəsinə yüksəksürətli çıxışı təmin edəcək 2016-03-09 15:14:00 / KONFRANSLAR

 

Pan-Avropa Elm və təhsil şəbəkəsi olan GEANT (Gigabit European Advanced Network Technology) hazırda 44 müxtəlif istiqamət üzrə 50 min km uzunluğunda şəbəkə infrastrukturuna malikdir və 43 ölkəyə, 10 min təşkilata və 10 milyonlarla istifadəçiyə yüksək səviyyəli xidmət göstərir.

 

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsi həyata keçirilir.

 

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev “EaPConnect” – Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin kompüter şəbəkəsi layihəsinin icrası ilə bağlı çıxışı zamanı bildirib. Qeyd edib ki, layihənin əsas hədəfi Şərq Tərəfdaşlığı regionundakı ölkələrdə fəaliyyət göstərən alim, tədqiqatçı, müəllim və tələbələrin tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasını təmin etməkdir. “EaPConnect” Avropa ilə ŞT ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, ŞT ölkələrinin Avropa şəbəkələrinə, o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təmin olunması məqsədi daşıyır.

 

V.Musayev AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına şəbəkə texnologiyaları və xidmətləri təqdim edən AzScienceNet-in imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu, eləcə də qabaqcıl texnologiyalar və xidmətlərdən ölkəmizdə fəaliyyət göstərən elmi qurumların istifadəsinə şərait yaradıldığını vurğulayıb.

 

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Azərbaycanın Avropa ilə elm və təhsil sahəsində əməkdaşlığının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu söyləyən akademik bildirib ki, ölkədə bu prosesin sürətləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı tərəfindən yürüdülən uğurlu xarici siyasət nəticəsində ölkə iqtisadiyyatının rəqabət qabiliyyəti yüksəldilərək milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradılır. Qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasında mühüm yer tutur. Belə inkişafın əsas dayaqlarından biri də məhz İKT-dir. Hazırda Avropa və Azərbaycan arasında neft kəməri ilə yanaşı, “EaPConnect” layihəsi çərçivəsində elm üçün “internet kəməri” yaradılır. Bu da neft strategiyasından İKT strategiyasına keçidin reallaşmasında əhəmiyyətli addımdır.

 

Akademikin sözlərinə görə, Avropanın elektron elmi mühitinə inteqrasiya üçün milli operator statusu qazanmış AzScienceNet-in texniki imkanları sayəsində Azərbaycanın Macarıstanda olan GEANT qovşağı vasitəsilə Avropaya birbaşa qoşulması nəzərdə tutulur. Cari ilin I yarısında “EaPConnect” layihəsi çərçivəsində təşkil olunan iclaslarda institutun əməkdaşlarının iştirakının planlaşdırıldığını qeyd edən R.Əliquliyev AMEA-da Avropa elmi mühitinə inteqrasiya istiqamətində görülən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının zəruriliyini vurğulayıb.

 

“Regionun 700-dən çox elmi müəssisəsindən 2 milyon alim, tədqiqatçı və tələbənin bu şəbəkədən yararlanacağı gözlənilir. AzScienceNet şəbəkəsinin 2016-cı ildən Pan-Avropa Elm və təhsil şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi planlaşdırılmışdır. Yüksəksürətli genişzolaqlı şəbəkə elmi bazalara çıxışı və böyük həcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verəcək”, – deyə bildirən alim layihə çərçivəsində əldə olunan elmi və texnoloji yeniliklərin ölkənin elm və təhsil ictimaiyyətinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023