“Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” mövzusunda I respublika elmi-praktiki konfransı keçirildi 2016-02-29 15:37:28 / KONFRANSLAR

 

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” mövzusunda I respublika elmi-praktiki konfransı keçirildi.

 

Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev konfrans iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadənin adından salamladı və konfransın işinə uğurlar dilədi. AMEA Rəyasət Heyətinin qərarı ilə keçirilən konfransın XXI əsrin ən mühüm çağırışlarından olan Big Data-nın multidissiplinar problemlərinə həsr olunduğunu qeyd etdi.

 

Müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən olan və multidissiplinar xarakter daşıyan Big Data problemlərinin müzakirəsi üçün informasiya texnologiyaları sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu vurğuladı.

 

Ölkədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə dəstəyilə bütün sahələrdə olduğu kimi, kompüter elmləri sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu bildirdi. Hazırda Azərbaycanın aparıcı elmi-tədqiqat və ali təhsil müəssisələrində informasiya texnologiyalarının ən aktual problemləri üzrə fundamental tədqiqatların aparıldığını söyləyən alim ötən ilin nəticələrinə əsasən Azərbaycan alimlərinin bu sahədə regionda layiqli yer tutduğunu nəzərə çatdırdı.

 

Sonra akademik R.Əliquliyev “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması vəziyyəti və Big Data problemləri” adlı məruzə ilə çıxış etdi. 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda informasiya cəmiyyətinin formalaşması istiqamətində bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”da cəmiyyətin müxtəlif sferalarında İKT-nin geniş tətbiqi nəzərdə tutulmuşdur. AR Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət nəticəsində ölkədə informasiya cəmiyyəti yüksək sürətlə inkişaf etmişdir ki, bununla da Azərbaycan dünyanın aparıcı ölkələri sırasında, eləcə də regionda layiqli mövqe tutmaqdadır.

 

Alimin sözlərinə görə, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında biliklər cəmiyyətinin formalaşması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. AR Prezidenti İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı çıxışında alimlərimizin ölkədə demoqrafik tədqiqatların aparılması, kosmik sənayeyə elmi dəstəyin verilməsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmələrinin zəruriliyini də vurğulayıb.

 

“Dünyada informasiya bolluğunun meydana gəlməsilə informasiyanın toplanılması, saxlanılması və emalı problemləri meydana çıxıb. Əsrimizin ən mühüm qlobal çağırışlarından olan Big Data bu kimi problemlərin həllində mühüm rol oynayır”, – deyə akademik bildirdi.

 

İnstitutun AzScienceNet elm kompüter şəbəkəsinin böyük həcmli verilənlərin saxlanılmasına xidmət edən Data Mərkəzinin hesablama məhsuldarlığının 15 TFlops, xarici yaddaşının həcminin isə 300 Tbayta çatdırıldığını bildirdi. Qeyd etdi ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunda uzun müddət ərzində toplanmış böyük həcmli verilənlərin (Big Data) arxivi Data Mərkəzdə yerləşdirilib.

 

Sonda R.Əliquliyev bildirdi ki, verilənlər elmi (Data Science) müasir dövrün ən perspektivli və multidissiplinar xarakter daşıyan elmləri sırasındadır. Verilənlər elminin tədrisində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə kadr hazırlığı kimi bir sıra mühüm məsələlərə diqqət yetirilməsi vacibdir.

 

Sonra institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək “Elektron tibdə Big Data: imkanlar, çağırışlar, perspektivlər” mövzusunda məruzəni təqdim etdi. Bildirdi ki, dünyada gedən qloballaşma prosesi, müasir texnologiyaların sürətli inkişafı və s. nəticəsində tibdə informasiya texnologiyalarının tətbiqi zərurəti yaranıb.

 

“2020-ci ildə tibbi verilənlərin həcminin 25500 petabayta çatması proqnozlaşdırılır”, – deyə bildirən məruzəçi tibdə elektron tibb kartı, biotexnologiyalar, informasiya texnologiyaların tətbiqinin üstünlükləri və s. barədə danışdı. Qeyd etdi ki, müasir informasiya-kommunikasiya texnologiyaları tibbin rəqəmsallaşması, bu sahənin inkişafı, transformasiyası, müasirləşməsi üçün yeni imkanlar yaradır.

 

Tibdə Big Data-nın tətbiqi imkanlarından söz açan məruzəçi bildirdi ki, Big Data yeni biliklərin əldə edilməsini təmin edərək müalicə-diaqnostik və idarəetmə qərarlarının qəbuluna dəstək verir, pasiyent yönümlü tibbin inkişafını sürətləndirir, yeni tibbi xidmət modellərinin meydana gəlməsinə şərait yaradır.

 

M.Məmmədova, həmçinin Big Data-nın tətbiq istiqamətləri, idarəetmə qərarlarının qəbulunda rolu, o cümlədən bu sahədə mövcud problemlər və perspektivlər haqqında ətraflı məlumat verdi.

 

“Big Data Analitikanın elmi-nəzəri problemləri” mövzusunda məruzəni təqdim edən institutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev Big Data Analitika-nın optimal qərarların qəbulu üçün böyük həcmli verilənlərdə gizli qanunauyğunluqların və digər faydalı informasiyanın aşkarlanması prosesi olduğunu diqqətə çatdırdı. O, verilənlərin analizi metodlarının məhdudiyyətlərindən danışaraq bu metodların əksəriyyətinin böyük və mürəkkəb verilənlər üçün yetərli olmadığını, ənənəvi verilənlərin analizi metodlarının müxtəlif situasiyalara dinamiki uyğunlaşmaq qabiliyyətinə malik olmadığını söylədi.

 

Məruzəçi böyük həcmli verilənlərin sürətli emalı texnologiyaları barədə məlumat verdi, Big Data Analitika-nın mühüm tədqiqat istiqamətlərini diqqətə çatdırdı. Bildirdi ki, bu istiqamətlərə paralel hesablamalar, hesablama vaxtını azaltmaq üçün effektiv metodlardan istifadə, müxtəlif resurslardan informasiyanın əldə olunması və onların inteqrasiyası metodları, sosial şəbəkə verilənlərinin analizi, təhlükəsizlik və məxfilik qorunmaqla verilənlərin analizi və s. daxildir.

 

R.Alıquliyev Big Data mining metodları, emalı alətləri, Big  Data  sistemlərinin  layihələndirilməsi üçün əsas prinsiplər, Data Mining sahəsində problemlər, kompüter elmləri sahəsində ən aktual tədqiqat istiqamətlərini də nəzərə çatdırdı.

 

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev “İnformasiya təhlükəsizliyinin Big Data, Big Data-nın informasiya təhlükəsizliyi problemləri” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Big Data texnologiyalarının təqdim etdiyi imkanlardan informasiya təhlükəsizliyi problemlərinin həllində geniş istifadə etmək mümkündür.

 

“İnformasiya təhlükəsizliyi problemi Big Data üçün həlli vacib məsələlərdəndir”, – deyə bildirən Y.İmamverdiyev bu problemlərə paylanmış proqramlaşdırma platformalarında informasiya təhlükəsizliyi, verilənlərin və tranzaksiya loqlarının təhlükəsiz saxlanılması, real vaxt rejimində təhlükəsizliyin monitorinqi, girişə qranulyar nəzarət, qranulyar auditlər və s. daxil olduğunu qeyd etdi. Davranış profilinə əsaslanan sistemlərin nöqsanlarından söz açan məruzəçi bu zaman anomaliya aşkarlandıqda statistik qiymətləndirmə metodlarının istifadə edildiyini nəzərə çatdırdı. 

 

O, həmçinin informasiya təhlükəsizliyi sahəsində Big Data problemləri barədə danışdı. Bildirdi ki, şəxsi həyatın gizliliyi və fərdi məlumatların konfidensiallığı, informasiya təhlükəsizliyi üçün analitika və vizuallaşdırma, yüksəksürətli və fərdi məlumatların konfidensiallığını təmin edən kriptoqrafiya və s. bu sahədə mövcud olan problemlər sırasındadır.

 

Y.İmamverdiyev Big Data-nın informasiya təhlükəsizliyinə gətirdiyi imkanlar, fərdi məlumatlar üzrə qanunvericiliyin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyi analitikasının təkamülü və s. haqqında da ətraflı məlumat verdi.

 

Konfrans 3 paralel seksiya iclaslarında davam etdirildi.  “Big Data Analitika” seksiyası üzrə “Big data konsepsiyası və aktual elmi-nəzəri problemlər”, “Böyük verilənlərin analizi problemləri”, “E-dövlət sisteminin analizində data mining texnologiyalarının tətbiq imkanları”,  “Big Data və İnformasiya Təhlükəsizliyi” seksiyası üzrə “E-dövlətin informasiya təhlükəsizliyi üçün Big Data texnologiyaları”, “Big Data tətbiqinin kibercinayətlə mübarizədə potensialı və məhdudiyyətlər”, “Biometrik texnologiyalarda Big Data problemləri”, “Big Data Tətbiqləri” seksiyası üzrə isə “Böyük verilənlərin insan resurslarının idarə olunması məsələlərinin həllində tətbiqi, imkanları, problemləri”, “Superkompüter texnologiyaları: mövcud vəziyyəti və inkişaf perspektivləri”, “Elektron elmin elmi verilənlər problemləri haqqında” və s. istiqamətlərdə məruzələr dinlənildi. 

 

Qeyd edək ki, konfransa müxtəlif elm və təhsil müəssisələrindən Big Data-nın müxtəlif problemlərini əhatə edən 57 məqalə təqdim olunmuşdur.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023