Növbəti telekommunikasiya peykimiz orbitə 5 il sonra buraxılacaq 2013-06-19 15:02:57 / KONFRANSLAR

Bildiyimiz kimi, Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1" cari ilin 8 fevral tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromu, Qviana Kosmik Mərkəzindən "Arianespace" şirkətinin yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılmışdır. Peykin əhatə dairəsinə Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionu daxildir. İlk peykimizin orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək.

"Azərkosmos" ASC-dən verilən məlumata görə, növbəti peykimizin orbitə 2018-ci ildə göndərilməsi planlaşdırılır. Tezliklə nəzərdə tutulan işlərin həyata keçirilməsinə rəvac verən müvafiq müqavilə də imzalanacaq.

Qeyd edildiyi kimi, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələri yalnız siyasi və kommersiya xarakteri daşımır. Bu layihələr ölkənin uzunmüddətli iqtisadi inkişafına yönəlib. Hazırda "Azərkosmos" ASC telekommunikasiya peykləri ilə yanaşı, Azərbaycanda, o cümlədən regionda etibarlı və keyfiyyətli peyk rabitə xidmətlərinin təmin edilməsi məqsədilə bir sıra digər peyk layihələri üzrə də mühüm işlər həyata keçirir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024