İnsanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması informasiya təhlükəsizliyinin təmini üçün vacibdir 2015-10-23 18:25:23 / KONFRANSLAR

İnformasiya təhlükəsizliyinin təmin olunmasında insanın müxtəlif əlamətlərə görə identifikasiyası aktual problemlərdəndir. Hazırda bu sahə mütəxəssislər tərəfindən tədqiq olunur, mövcud problemlər araşdırılır, onların həlli üçün metod və alqoritmlər təklif edilir.

 

Təsvirlər əsasında insanın irqi-etnik mənsubiyyətinin müəyyən edilməsi istiqamətində AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi araşdırmalar aparılır. Sifətin seçilmiş həndəsi nöqtələri və bazada olan təsvirlərin xüsusi parametrlərinin hesablanmasının xüsusi alqoritmi əsasında etalon təsviri formalaşdırılır. Sonra ilkin təsvir etnik qrupların etalon təsvirləri ilə müqayisə olunur və bununla da ilkin təsvirin hansı irqi-etnik qrupa mənsub olduğu təyin edilir. İnstitutda mövzunun müzakirəsinə həsr olunmuş elmi seminarda institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova “Sifət təsvirləri əsasında insanın irqi və etnik mənsubiyyətinin tanınma metodlarının tədqiqi” adlı məruzə ilə çıxış etdi. Bildirdi ki, müxtəlif amillər (üzün tanınması, naməlum şəxsin təsviri, itkin düşmüş insanın və ya ehtimal edilən cinayətkarın portretinin sözə uyğun tərtib edilməsi və s.) şəxsin irqi mənsubiyyətinin araşdırılmasını zəruri edir. Bu baxımdan insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunması gömrük, sərhəd nəzarəti, təhlükəsizlik xidmətləri kimi bir çox sahələrdə fəaliyyətin səmərəliliyinin yüksədilməsində mühüm rol oynayır.

 

“İrq müəyyən coğrafi regionda formalaşmış irsi-bioloji əlamətləri və xarici oxşarlıqları özündə birləşdirən insan qrupları sistemidir. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adaptasiyası nəticəsində meydana çıxır” – bildirən Ş.Mahmudova insanların üç irqi klasterə (monqoloid, avropoid və neqroid) bölündüyünü, son zamanlar isə alimlər tərəfindən təxminən 30-dək insan irqinin fərqləndirildiyini bildirərək onların morfoji əlamətlərindən də danışdı.

 

“Bir insan digərlərinin sifətini vizual olaraq yaxşı müəyyən edir və tanıyır. Lakin sifət təsvirləri əsasında insanın irqi və etnik mənsubiyyətinin tanınma prosesinin həyata keçirilməsi daha mürəkkəb məsələdir. Bu sahədə mövcud problemlərin həlli ilə bağlı ictimai elmlər üzrə antropologiya, etnoqrafiya və irqşünaslıq sahələrində tədqiqatlar aparılır. Bu üç elm sahəsi bir-biri ilə sıx bağlıdır: Etnoqrafiya elminin başlıca vəzifəsi xalqları öyrənmək, onların tarixini tədqiq etməkdən ibarətdir. Antropologiya elmin elə sahəsidir ki, burada tədqiqat obyekti insandır. İrqşünaslıq (etnik antropolgiya) bölməsi isə irqlərin meydana gəlmə səbəbləri, irqlərin tipləri, təsnifatı və onların yer kürəsində yayılma sahələri, irqi tiplərin dəyişmə qanunauyğunluqlarını öyrənir və tədqiq edir”. Sifət təsvirləri əsasında insanın irqi-etnik mənsubiyyətinin müəyyən olunması istiqamətində texniki elmlər üzrə isə biometrik texnologiyalar, surətlərin tanınması, tibb və digər sahələrdə araşdırmalar aparılır. Ş.Mahmudova bildirdi ki, şəxsin üzünün təsviri, barmaq izləri və göz bəbəyi kimi vacib biometrik elementlərdən istifadə etməklə, yüksək keyfiyyətli identifikasiyaya və maksimum dəqiqliyə nail olmaq mümkündür.

 

Məruzəçi, həmçinin tanınma məsələlərində informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan bulud və Big Data texnologiyaları haqqında məlumat verdi. Bildirdi ki, biometrik texnologiyalarda buluddan istifadə istənilən xoşagəlməz hadisələrin qısa müddətdə qarşısının alınmasına kömək edir.

 

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya təhlükəsizliyinin təminində insanın müxtəlif əlamətlərə görə identifikasiyası məsələlərinin araşdırılması və bu sahədə dünya təcrübəsinin öyrənilməsinin zəruriliyini önə çəkdi. İnstitutda biometrik texnologiyalar üzrə davamlı araşdırmaların aparıldığını və bir sıra nailiyyətlərin əldə olunduğunu nəzərə çatdırdı. Akademik mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirərək bu istiqamətdə geniş tədqiqatların aparılması üçün antropologiya, daha sonra etnoqrafiya elminin dərindən mənimsənilməsinin vacibliyini qeyd etdi.

 

Daha sonra institutun şöbə müdiri Anar Səmidov ən son İKT yeniliklərindən olan holoqram haqqında məlumat verdi. Məruzəçi orijinal obyektin üçölçülü lazer təsviri olan holoqramların istehsal texnikasına görə Dot Matrix, 2D və 3D, Orijinal rəng holoqramı və s. kimi bir sıra növlərinin fərqləndirildiyini bildirdi. Holoqramların malik olduğu xüsusiyyətlərdən bəhs etdi: “Məsələn, “E-beam” (Gizlənmiş mətn və ya görüntü) holoqramı adi gözlə görülə bilməyən, yalnız lazerlə oxunan görüntülər, nanomətnlər və yüksək keyfiyyətli alt təbəqə sistemləri kimi inkişaf etmiş təhlükəsizlik xüsusiyyətlərinə malikdir”. A.Səmidov, həmçinin vahid zamanda müxtəlif məkanlarda olmağa imkan verən 3D-holoqramdan istifadənin təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023