AMEA İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirilib 2015-09-18 11:39:04 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzində (TİM) müasir texnologiyaların tətbiqi ilə imtahanların qəbulu, yeni tədris proqramları və test texnologiyaları, AMEA-da magistratura təhsilinin təşkili ilə bağlı görülmüş işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

 

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim ƏliquliyevAMEA-da magistratura təhsil pilləsinin yaradılmasının elm və təhsilin vəhdəti baxımından mühüm addımlardan olduğunu və bu təşəbbüsün bilavasitə ölkə rəhbərliyinin dəstəyi ilə reallaşdırıldığını söyləyib. Cari ildən etibarən akademiyada ilk dəfə olaraq magistratura pilləsinə qəbulun elan olunduğunu qeyd edib. 7 ixtisas üzrə ümumilikdə 19 nəfərin magistr adına layiq görüldüyünü bildirib.  

 

Akademik TİM-də ümumi fənlərin tədrisinin təşkili istiqamətində görülən işlərdən bəhs edərək akademiya rəhbərliyinin qərarına əsasən, magistratura fənlərinin tədrisi, testləşdirilməsi və imtahanların qəbulunun TİM-ə həvalə edildiyini diqqətə çatdırıb: “Magistrların hər biri akademiyanın müvafiq institutlarında elmi fəaliyyətini davam etdirməklə yanaşı, İTİ-də onlara informatika, ingilis dili, psixologiya, pedaqogika kimi ümumi fənlər tədris olunacaq”. R.Əliquliyev bildirib ki, bu məqsədlə auditoriyalarda müəllim və magistrlar üçün innovativ şərait yaradılıb. Həmçinin TİM-in veb-saytının yaradılmasının da nəzərdə tutulduğunu qeyd edib.

 

İnstitut direktoru magistrların 2 illik təhsili başa vurduqdan sonra İELTS və TOEFL imtahanlarından müvəffəqiyyətlə keçməsi üçün ingilis dilinin yüksək səviyyədə tədrisinin önəmliyini ifadə edib.  

 

Alim AMEA Rəyasət Heyətinin qərarı ilə doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları ilə həyata keçirildiyini də vurğulayıb. İnformatika fənninin mövcud proqram çərçivəsində testləşdirildiyini söyləyib. Eyni zamanda Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantların Distant Tədris mərkəzləri vasitəsilə onlayn imtahanlarının təşkilinin nəzərdə tutulduğunu dilə gətirib.

 

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020