İnformasiya cəmiyyəti iqtisadiyyatının formalaşması problemləri üzrə araşdırmalar davam etdirilir 2015-07-14 09:27:42 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin 2015-ci ilin I yarısı üzrə hesabatını təqdim edib. Bildirib ki, elmi-tədqiqat fəaliyyəti çərçivəsində informasiya iqtisadiyyatının inkişaf səviyyəsinin qiymətləndirilməsi metodikası işlənilmiş, informasiya cəmiyyəti şəraitində yaşıl iqtisadiyyata keçidin mahiyyəti və onun formalaşması problemləri üzrə mövcud vəziyyət təhlil edilmiş, texnoparkların formalaşma mərhələləri, təşkilati formaları və xarakterik xüsusiyyətləri araşdırılmış və bu istiqamət üzrə beynəlxalq təcrübə öyrənilmişdir.

 

Elmi-innovasiya fəaliyyəti haqqında məlumat verən məruzəçi AR Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşmasının analizi və inkişafı üzrə tövsiyələrin işlənilməsi” mövzusunda qrant layihəsi üzrə işlərin yerinə yetirildiyini diqqətə çatdırıb. O, əlavə edib ki,  “Texnoparkların formalaşması proseslərinin təhlili, onların səmərəli fəaliyyətinin təşkili və idarə olunması problemlərinin həlli yollarının işlənilməsi” mövzusunda digər qrant layihəsi EİF-ə təqdim olunub.

 

Ə.Əliyev elmi-təşkilati fəaliyyətdən söz açaraq müxtəlif elmi problemlərə həsr olunmuş 6 şöbədaxili seminarın keçirildiyini bildirib.

 

O, Daşkənd Dövlət Texniki Universiteti, Türkiyənin Yıldız Texnoparkı, Belarus Respublikasının Yüksək Texnologiyalar Parkı və Belorusiya Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirildiyini dilə gətirib.

 

Tanınmış elmi jurnallarda və nüfuzlu beynəlxalq konfranslarda 4 məqalənin çap olunduğunu qeyd edən şöbə müdiri, həmçinin elmi-pedaqoji fəaliyyət, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfranslarda iştirak, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

 

Şöbənin hesabatı qəbul edilib, bir sıra təklif və tövsiyələr səsləndirilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023