İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi 2015-05-19 09:47:10 / KONFRANSLAR

Mayın 15-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Tədbirin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” və “Müasir elektron-kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” adlı dissertasiya işlərinin müzakirəsinə həsr olunduğunu bildirdi.

 

İnstitutun sektor müdiri İradə Ələkbərova “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işini təqdim edərək işin aktuallığı, elmi-praktiki əhəmiyyəti, viki-mühitdə informasiya müharibəsi ilə bağlı problemləri, onların həlli yollarını və digər məsələləri diqqətə çatdırdı.

 

Bildirdi ki, dissertasiya işinin məqsədi internet məkanında Azərbaycan xalqının milli-mədəni dəyərləri, tarixi həqiqətlərin qorunması və viki-mühitdə reallaşdırılan informasiya müharibəsi texnologiyalarının avtomatik aşkarlanması və analizi məqsədilə metod və alqoritmlərin işlənməsidir.

 

Dissertasiya işində məqsədə çatmaq üçün qoyulmuş elmi məsələlər barədə məlumat verən tədqiqatçı viki-mühitdə informasiya müharibəsi ilə əlaqədar problemlərin analizi və onların həlli yollarının müəyyənləşdirildiyini, viki-mühitdə informasiya qarşıdurmasına səbəb olan səhifələrin təyini üçün metodun, gizli sosial şəbəkələrin aşkarlanması üçün isə metod və alqoritmin işlənildiyini söylədi. Qeyd etdi ki, viki-mühitdə multimedia resurslarından informasiya təsirində effektiv istifadə olunması üçün metod və alqoritmin işlənilmiş və təklif edilən metod və alqoritmlər eksperimental yoxlanılmışdır.

 

Məruzəçi vikipediyada Azərbaycan reallıqları və milli-mənəvi dəyər daşıyıcıları olan informasiya resurslarının azlığı və ya həqiqətləri əks etdirməməsi, viki-mühitdə Azərbaycanın milli maraqlarının qorunmasında müşahidə olunan pərakəndəlik və s. kimi amillərin tədqiqatın aktuallığını xarakterizə etdiyini dilə gətirdi.

 

Məruzə ətrafında gedən müzakirələrdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktorları Bikəs AğayevTofiq Kazımov və Şəfəqət Mahmudova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işinin aktuallıq baxımından müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

 

Rəyçilər - texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev tədqiqat işi ilə bağlı irad və təkliflərini səsləndirdilər.

 

Sonda dissertasiya işinin növbəti mərhələyə buraxılması qərara alındı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024