Elektron elm sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir 2021-03-15 16:35:00 / KONFRANSLAR

“Elektron elmin formalaşma vəziyyəti, problemləri və həlli yolları” mövzusunda keçirilən onlayn müşavirədə e-elm sahəsində beynəlxalq əməkdaşlığın inkişafına dair görülən işlər və problemlər müzakirə olunub.

Tədbirdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, eləcə də AMEA-nın digər məsul əməkdaşları iştirak ediblər.

İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev təqdimatla çıxış edərək beynəlxalq əməkdaşlıq çərçivəsində Avropa Komissiyası, Avropa Milli Tədqiqat və Təhsil şəbəkələrinin üzvləri, eləcə də digər tərəfdaşlarla ortaq şəkildə tədqiqat və təhsil şəbəkə layihələrini idarə edən GEANT təşkilatı ilə mövcud əlaqələr haqqında məlumat verib.

Məruzəçi 2009-cu ildə irəli sürülmüş Avropa Birliyi Şərq Tərəfdaşlığı təşəbbüsü barədə danışaraq Avropa Komissiyasının 11 iyun 2015-ci il tarixində Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələri arasında əlaqələrin genişləndirilməsi məqsədilə GEANT təşkilatı ilə müqavilə imzaladığını, 1 iyul 2015-ci il tarixində isə GEANT Assosiasiyası və Şərq Tərəfdaşlığı ölkələri arasında EaPConnect layihəsinin qrant müqaviləsinin imzalandığını söyləyib.

EaPConnect layihəsində Azərbaycan Respublikasını AMEA İnformasiya Texnologiyaları İnstitutunun təmsil etdiyini xatırladan şöbə müdiri, 24 noyabr 2017-ci il tarixində dövlət başçısı cənab İlham Əliyevin də iştirak etdiyi Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyanatın qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin bəyanatda müvafiq ölkələrin elm, təhsil və innovasiya sistemlərinin inteqrasiyasının vacibliyi, bu prosesin müvafiq sahələrdə məhsuldarlığın və rəqabətin artmasına təsir göstərəcəyi, GEANT şəbəkəsinə qoşulmaqla tərəfdaş ölkələrdə rəqəmsal bərabərsizliyin azalmasına nail olunacağı vurğulanıb.

İnformasiya Texnologiyaları İnstitutunun EaPConnect layihəsində iştirakından söz açan B.Nəbiyev 1 iyul 2015-ci ildə GEANT və Şərq Tərəfdaşlığı ölkələri arasında bağlanmış qrant müqaviləsi əsasında institutun bu layihədə iştirakının təmin olunduğunu qeyd edib. Layihə çərçivəsində 2017-ci ilin mart ayından etibarən AzScienceNet şəbəkəsinə 1Gbit/san İnternet sürətinin təqdim olunduğunu, 2020-ci ilin yanvar ayından başlayaraq isə İnternet sürətinin 3Gbit/san-yə çatdırıldığını deyib.

Onun sözlərinə görə, 2020-ci ilin sentyabr ayından etibarən layihə tərəfindən AzScienceNet şəbəkəsinin dayanıqlığının təmin olunması üçün “Delta Telecom” vasitəsilə ayrılmış optik xətlə 1Gbit/san rezerv İnternet sürəti təqdim olunmuşdur. Bundan əlavə, 100-ə yaxın şəbəkə avadanlığı və 2 komplekt LoLa avadanlığı təqdim olunmuşdur. Həmçinin 20-dən çox alim və mütəxəssisin beynəlxalq konfrans, tədbir və təlim seminarlarında iştirakına şərait yaradılmışdır.

B.Nəbiyev institutun GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində tərəfdaşlıq etdiyi qurumlar haqqında da məlumat verib. Bildirib ki, buraya ULAKBİM (Türkiyənin akademik şəbəkəsi və informasiya mərkəzi), GRENA (Gürcüstanın  milli tədqiqat və təhsil şəbəkəsi), BASNET (Belarusiyanın milli tədqiqat və təhsil şəbəkəsi), URAN (Ukraynanın milli tədqiqat və təhsil şəbəkəsi), RENAM (Moldova milli tədqiqat və təhsil şəbəkəsi) və s. aiddir.

O, institutun Horizon-2020 proqramı çərçivəsində 40 ölkənin elm və tədqiqat şəbəkələrinin iştirak etdiyi GN4-3 layihəsinə qoşulmasının beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərdən olduğunu qeyd edib. 

Məruzəçi elektron elm sahəsində beynəlxaq təcrübə haqqında məlumat verərək müəyyən müqavilələr əsasında həyata keçirilən əməkdaşlıq, e-elm sferasında fəaliyyət göstərən beynəlxalq təşkilatlar və Azərbaycanın birbaşa əməkdaşlıq etdiyi nüfuzlu qurumları diqqətə çatdırıb.

B.Nəbiyev, həmçinin EaPConnect-2 layihəsinin qeydiyyatı, elektron elm sahəsində kadr çatışmazlığı, innovativ xidmətlərin öyrənilməsi və tətbiqinin aparılması, eləcə də digər məsələlərə dair problemlərin həllinin vacib olduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdimatla bağlı fikirlərini bölüşərək elektron elm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu istiqamətdə problemlərin tez bir zamanda aşkarlanması və aradan qaldırılması ilə bağlı təklif və tövsiyələrini irəli sürüb.

“Yeni bir ideologiya olan elektron elm ölkəmizdə formalaşan informasiya cəmiyyətinin bir seqmenti, dünya qlobal məkanının bir hissəsidir”, - deyən alim AMEA-da elektron elmin formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumatların ölkə ictimaiyyətinə çatdırılmasının zəruri olduğunu vurğulayıb.

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020