Azərbaycan alimləri E-tibb üzrə onlayn beynəlxalq tədbirdə iştirak ediblər 2021-01-30 18:40:00 / KONFRANSLAR

Yanvarın 27-də “GEANT EaPConnect” layihəsinin təşkilatçılığı ilə E-tibb üzrə onlayn seminar keçirilib.  Tədbirə Dünya üzrə müxtəlif Milli Tədqiqat və Təhsil şəbəkələrindən təxminən 70-ə yaxın əməkdaş qoşulub. Onlayn iclasda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, eləcə də institutun digər əməkdaşları Lalə QarayevaMehriban Hüseynova və Könül Əliyeva iştirak ediblər.

İclasın keçirilməsində əsas məqsəd E-tibb və GEANT üçün aktual olan mövzular ətrafında müzakirələr aparmaq, eləcə də gələcəkdə bu sahədə kompleks tədqiqat tələb edən məsələləri müəyyənləşdirmək idi.

Sonra müxtəlif tədqiqat və təhsil şəbəkələrindən olan əməkdaşlar təmsil etdikləri şəbəkələrin öz ölkələrində e-tibb üzrə beynəlxalq layihələrə necə dəstək verməsi, gələcəkdə hansı xidmətlərin tətbiq oluncağı və xəstəxanaların COVID-19 pandemiyası dövründə şəbəkələrin hansı xidmətlərindən istifadə etməsi haqqında təqdimatlarla çıxış ediblər.

Tədbirdə qeyd olunub ki, bir sıra GÉANT milli tədqiqat və təhsil şəbəkələri e-tibb üzrə  layihələri dəstəkləyir və ya müştərilərinə eHealth ilə əlaqəli xidmətlər təklif edir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EOSC-Life layihəsi, e-tibb və e-infrastrukturlarla əlaqəli ümumi bir sıra məqamları həll edir.

Onlayn iclasda, həmçinin milli tədqiqat və təhsil şəbəkələrinin e-tibb ilə əlaqədar təşkilatları müəyyən xidmətlər ilə təmin etməsi, şəbəkələrin bu təşkilatlara təhlükəsizlik ilə bağlı dəstək göstərməsi, milli tədqiqat və təhsil şəbəkələrinin e-tibb üzrə institutları bulud xidmətləri ilə təmin etməsi və e-tibbdə əsas çağırışlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023