AMEA-nın magistrantlarına “İngilis dili” fənni üzrə imtahanın təşkili ilə bağlı müzakirələr aparıldı 2021-01-14 18:02:00 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) onlayn seminarı keçirildi. Seminarda TİM-in rəhbəri, tex.f.d. Rəsmiyyə Mahmudova, baş mütəxəssis Kəmalə Qurbanova, aparıcı mütəxəssis Sevda Səfərova, proqramçı Raqif İsmayılov və şöbənin digər əməkdaşları ilə yanaşı, AMEA-nın magistratura şöbəsinin müdiri, fil.f.d. Kərimulla Məmmədzadə, ingilis dili müəllimi Aynur Məhərrəmova, institutun Təhsil şöbəsinin müdiri tex.f.d. Fərhad Yusifov, eləcə də 2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına qəbul olunmuş magistrantların qrup nümayəndələri iştirak edirdilər.

Gündəlikdə duran məsələ AMEA-nın magistrantlarına “İngilis dili” fənni üzrə imtahanın təşkili ilə bağlı məsələnin müzakirəsi idi. Seminarı giriş sözü ilə açan TİM-in rəhbəri R.Mahmudova qeyd etdi ki, bugünkü tədbirin keçirilməsində məqsəd imtahana hazırlıq işlərinin monitorinqi, imtahanın keçirilmə qaydaları və onlayn imtahan sisteminin iş prinsipi ilə bağlı magistrlərin məlumatlandırılması və sınaq imtahanının keçirilməsi üçün qarşıda duran vəzifələrin müəyyən edilməsidir.

AMEA-nın magistrantlarının “İngilis dili”ndən imtahanının yanvarın 18-də keçiriləcəyini qeyd edən R.Mahmudova bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” 24 dekabr 2020-ci il tarixli, 469 №-li sərəncamına əsasən ölkə ərazisində tətbiq olunan karantin rejimini nəzərə alaraq imtahan onlayn qaydada təşkil olunacaq. İnstitutda hazırlanmış onlayn imtahan sisteminin 2020-ci ildə yay imtahan sessiyasında da tətbiq olunduğunu qeyd edən R. Mahmudova proqram təminatının sınaqdan uğurla keçdiyini bildirdi.

TİM-in rəhbəri sessiya müddətində tədris prosesinin yekunları barədə məlumat verməsi üçün sözü Mərkəzin bu işə məsul olan əməkdaşı, aparıcı mütəxəssis Sevda Səfərovaya verdi.

Sessiya müddətində dərslərin daim nəzarətdə saxlanıldığını bildirən S.Səfərova sessiya müddətində dərslərin təşkili, tələbələrin dərsə davamiyyəti, semestrin sonunda müəllimin yazdığı gündəlik sorğunun nəticələri, sərbəst işlər və s. nəticələrinə görə imtahanqabağı balların hesablanması, imtahana düşən mövzular haqqında tələbələrin məlumatlandırılması, sualların onlayn imtahan sisteminə daxil edilməsi və digər görülmüş işlər barədə geniş məlumat verdi.

Sonra ingilis dili müəlliməsi A.Məhərrəmova çıxış edərək, tələbələrin dərslərdə həvəslə iştirak etdiyini və tədris materiallarının bütün tələbələr üçün əlçatanlığının  təmin edildiyini qeyd etdi. Pandemiya şəraiti olmasına baxmayaraq tələbələrin imtahanda yüksək nəticələr əldə edəcəklərinə əminliyini ifadə etdi.

Daha sonra Mərkəzin əməkdaşı, baş mütəxəssis Kəmalə Qurbanova onlayn imtahan sisteminin iş prinsipi ilə bağlı hazırlanmış təlimatı təqdim edərək, tələbələrin sistemdə qeydiyyatı, sualların cavablandırılması, balların hesablanması və s. haqqında məlumat verdi.

Seminarda iştirak edən AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin müdiri Kərimulla Məmmədzadə çıxış edərək, imtahana hazırlıq prosesindən razı qaldığını ifadə etdi, İnformasiya Texnologiyaları İnstitutunda imtahanların hər zaman yüksək səviyyədə təşkil edildiyini bildirdi və tələbələrə imtahanda müvəffəqiyyət arzuladı.

İnstitutun Təhsil şöbəsinin müdiri Fərhad Yusifov da  müzakirələrdə fəal iştirak edərək görülən işlərə münasibətini bildirdi və tələbələrə müəyyən məsləhətlər verdi.

Sonda seminarda iştirak edən magistrantların və qrup nümayəndələrinin sualları cavablandırıldı, proqramçı Raqif İsmayılov tələbələri onlayn imtahan sistemi ilə bağlı maraqlandıran məsələlərə aydınlıq gətirdi.

Qeyd edək ki, AMEA prezidentinin 480 saylı 10 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Akademiyanın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ümumi və seçmə fənlər üzrə dərslərin və imtahanların təşkili İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir və bu işlər institutun Tədris-İnnovasiya Mərkəsində həyata keçirilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024