Rusiyada İnternetin İnkişafı İnstitutu yaradılıb 2015-03-16 11:05:06 / KONFRANSLAR

Rusiyada İnternetin İnkişafı İnstitutu (İİİ) yaradılıb. Artıq fəaliyyətə başlayan institut İnternet-texnologiyaları, mediakontent və proqram təminatının yaradılması kimi sahələrin  tədqiqi məqsədi daşıyır. İİİ İnternet və media-texnologiyaları bazarı üzrə vahid bilik mərkəzi olacaq. Burada Rusiya və xarici bazarda vəziyyət haqqında informasiya toplanılacaq, sənayenin strateji inkişaf yolları təhlil ediləcək.

 

İnstitut Rusiya Elektron Kommunikasiyalar Assosiasiyası, İnternet təşəbbüslərinin İnkişaf Fondu, Media-kommunikasiya Birliyi, “Liveinternet” şirkəti, “İnternet-texnologiyaları Mərkəzi” regional ictimai təşkilat tərəfindən təsis olunub.

 

İİİ qeyri-kommersiya təşkilatıdır. Müəssisənin direktoru Sergey Alimbekovun bildirdiyinə görə, təşkilatın hədəfi gəlir əldə etmək deyil. Lakin bununla belə, gəlir mənbəyi institut əməkdaşlarının apardıqları tədqiqatların satışı ola bilər.

 

İnternetin İnkişafı İnstitutunun Müşahidə Şurası da yaradılıb ki, onun tərkibinə Rambler, Mail.ru Group, “ВКонтакте”, “Яндекс”, “Лаборатория Касперского”, “Софткей”, ФОМ (Фонд общественного мнения) kimi iri İnternet-korporasiyaların və digər təşkilatların nümayəndələri (ümumilikdə 20 şirkət) daxil olub.

 

www.it-news.club saytının məlumatına görə, şuradan əlavə, institutun strukturuna İdarə Heyəti, Direktorlar Klubu və Ekspert birliyi (məsələn, kibertəhlükəsizlik üzrə qrup) daxildir.  

 

Qeyd edək ki, institutun yaradılması təşəbbüsü ilk dəfə 2014-cü ildə RIW-2014 Forumu çərçivəsində irəli sürülmüşdür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024