Akademik Rasim Əliquliyev: “Güman edirəm ki, GEANT-ın yeni layihəsində daha “ağıllı” şəbəkə servisləri tətbiq olunacaq” 2020-11-24 14:30:00 / KONFRANSLAR

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “GEANT Connect” jurnalında dərc olunan məqalədə Şərq Tərəfdaşlığı ölkələrinin 2-ci EapConnect layihəsinə münasibət bildirib: “Güman edirəm ki, yeni layihədə IV sənaye inqilabının çağırışları və süni intellekt texnologiyalarının təsiri ilə daha “ağıllı” şəbəkə servisləri tətbiq olunacaq”.

Qeyd edək ki, 2020-ci ilin iyul ayında GEANT-ın EaPConnect layihəsinin ikinci mərhələsinə start verilmişdir. Avropa Birliyi tərəfindən maliyyələşdirilən, 60 aylıq  “EU4Digital - Tədqiqat və Təhsil Cəmiyyətini birləşdirmək” layihəsi Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrindən Tədqiqat və Təhsil icmalarını bir araya gətirmək, eləcə də rəqəmsal fərqi azaltmaqla birinci layihənin nailiyyətləri üzərində qurulması planlaşdırılır.

Avropa Birliyinin EU4Digital  təşəbbüsü çərçivəsində maliyyələşdirilən layihənin əsas məqsədi EaPConnect tərəfdaşlarının uzunmüddətli davamlılığına nail olmaq və onun dəyərini nümayiş etdirməkdir. Elmi mübadiləni asanlaşdırmaq üçün şəbəkə infrastrukturunu genişləndirmək, yeni xidmətlər təklif etmək, Şərq Tərəfdaşlığı ölkələrinin milli Tədqiqat və Təhsil şəbəkələrinin həmin ölkələrdəki milli Tədqiqat və Təhsil ekosistemlərində mövqeyini gücləndirmək də layihənin hədəfləri sırasındadır.

EaPConnect layihəsi Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna və s.) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur. Tərəfdaşlar  layihənin məqsədlərini reallaşdırmaq və Şərq Tərəfdaşlığı regionunda təhsil və tədqiqat şəbəkələrinin davamlılığını təmin etmək üçün konfranslar, seminarlar, treninqlər və digər əməkdaşlıq fəaliyyətləri vasitəsilə birgə çalışacaqlar.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023