İnstitutun əməkdaşları Azərbaycan ordusuna dəstəklərini ifadə etdilər 2020-10-08 11:01:00 / KONFRANSLAR

Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlarla bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən onlayn toplantıda institutun əməkdaşları çıxış edərək qəhrəman əsgərlərimizin Qarabağ uğrunda müharibədə əldə etdikləri nailiyyətlərdən danışdılar, Azərbaycan ordusuna dəstək nümayiş etdirdilər.

Öncə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov qələbə münasibətilə əməkdaşları təbrik etdi. Bu zəfərin hər bir azərbaycanlıya ruh yüksəkliyi bəxş etdiyini nəzərə çatdırdı. Qeyd etdi ki, 30 ildir ki, guya sülh yolu ilə torpaqlarımızın işğaldan azad olunacağı ilə bağlı aparılan danışıqlar artıq mənasız formata çevrilmişdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli çıxışları bu konfliktin hərb yolu ilə həll oluna biləcəyini bütün dünyaya nümayiş etdirdi: “Əminliklə deyə bilərəm ki, hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın sülh yolu ilə deyil, məhz döyüşərək, igid əsgərlərimizin şücaəti ilə işğaldan azad olunduğuna görə fəxarət hissi duyur. 7 gün ərzində işğal olunmuş torpaqlarımızda 10 kilometrlərlə yol qət etmişik. Burada coğrafi şəraiti, relyefi, soyuq hava şəraitini nəzərə almaqla, ordumuzun addım-addım irəlilədiyini qürurla izləyirik”.

Könüllü müraciət edərək ordu sıralarına qoşulmağı özünə şərəf bilən qəhrəman oğullarımızı, bu səviyyədə ruh yüksəkliyi olan xalqımızı məğlub etmək mümkün deyil. Zaman yetişib. Bayrağımızın Qarabağda dalğalanması tarixi çox yaxındadır. Cənab Prezidentimizin dediyi kimi, Qarabağ bizimdir!

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək Birinci Qarabağ Müharibəsində qardaşı, Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədovun Laçın Dəhlizinin bağlanmasında iştirak etdiyini, Mazutlu kəndinin “Laçının açarı” hesab olunan Qızartı yüksəkliyində döyüşdüyünü və qəhrəmancasına şəhid olduğunu xatırlatdı.

“Biz bu günləri 30 ilə yaxındır ki, gözləyirdik. Hər bir azərbaycanlının ürəyi bu illər ərzində nisgillə dolu idi”, - deyə bildirən M.Məmmədova şəhid ailələrinə Allahdan səbr dilədi. Azərbaycan bayrağının Şuşada, Xankəndində, bütün işğal edilmiş torpaqlarımızda dalğalanacağına əmin olduğunu söylədi.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alquliyev hər kəsi qələbə münasibətilə təbrik etdi. Qələbəyə doğru inamla irəlilədiyimizi bildirərək, Ali Baş Komandanın çox uğurlu bir zamanda hərəkətə keçdiyini qeyd etdi. Söylədi ki, beynəlxalq informasiya agentliklərini, digər xarici informasiya mənbələrini izlədikdə Azərbaycanın yüksək səviyyədə balanslı siyasət apardığının şahidi oluruq. Dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində hazırda gedən müharibənin son dərəcə obyektiv işıqlandırıldığını görürük. Çünki Azərbaycan öz ərazisində müharibə aparır. Bu müharibə haqq yolunda olduğu üçün heç kəs Azərbaycan tərəfini günahlandırmağa səbəb tapa bilmir. Ölkəmiz informasiya müharibəsi sahəsində də uğurlu siyasət aparmaqdadır. Prezidentimizin qətiyyətli, əsaslandırılmış arqumentli çıxışı qarşısında düşmən susdu. Bu baxımdan dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür edirik.

Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova çıxış etdi: “Bu gün ordumuzun zəfərləri ilə sevinirik. Bu münasibətlə hər birinizi təbrik edirəm. Biz haqq yolundayıq. Bu, Azərbaycan xalqının zəfəridir. Təbii ki, hamımızın qəlbi ordumuzladır, Qarabağdadır. Bu gün hər birimiz qarabağlıyıq. Hər an ordumuzun qələbə çaldığını eşitmək arzusu ilə yenilənən xəbərləri izləyirik. O gün olsun ki, belə bir toplantını Qarabağda tam zəfər çalmağımız münasibətilə təşkil edək.

Z.Cəbrayılova diqqətə çatdırdı ki, bir elmi-tədqiqat institutu kimi elmi fəaliyyətimizi davam etdirmək bizim vəzifəmizdir. Lakin ordumuza arxa cəbhədə istənilən köməkliyi etməyə də hazırıq: “Mən institutun Qadınlar Şurasının sədri kimi əminliklə deyə bilərəm ki, bu elmi qurumun hər bir qadın əməkdaşı ordumuzda döyüşən igid əsgərlərimizə yardım etməkdən qürur duyar və buna daim hazırdır”.

İnstitutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək ilk növbədə, bu tədbirin təşkil olunmasına və bir həftədir ki, qəlblərimizə dolan sevinc hisslərini bölüşmək üçün imkan yaradıldığına görə institutun rəhbərliyinə təşəkkürünü bildirdi.

“Cənab Prezident İlham Əliyevin qətiyyətli çıxışları, düşmənə layiqli cavabları, beynəlxalq təşkilatlara haqlı müraciəti 30 illik yaramıza sanki məlhəm oldu. Biz hər zaman Ali Baş Komandanımızın yanındayıq. İşğal olunmuş topraqlarımızda bayrağımızın yüksəldilməsindən fərəh duyuruq. Millətimizin tək yumruq olaraq, ordumuzu dəstəkləməsi, əsgərlərə ruh yüksəkliyi aşılaması təqdirəlayiq haldır”.

Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutu olaraq, ordumuzu, xalqımızı və cənab Prezidentimizin siyasətini sonunadək sidq ürəkdən dəstəkləyirik. Üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik. Azərbaycan ordusunun tam qələbəsini təmin etmək uğrunda istər maddi, istərsə də mənəvi cəhətdən əlimizdən gələni etməyə hazırıq. Bir daha hər birimizi təbrik edirəm. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Tədbirdə çıxış edən insitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov qeyd etdi ki, bu müharibə öz xüsusiyyətlərinə görə dünyada baş verən digər müharibələrdən ilk növbədə ən müasir hərbi texnologiyaların tətbiq olunmasına görə fərqlənir. Eyni zamanda bu, hibrid müharibə adlanır. Çünki burada paralel olaraq, informasiya müharibəsi texnologiyalarından geniş istifadə olunur. Müharibədə iki tərəf olsa belə, beynəlxalq ictimaiyyətin məlumatlandırılması da olduqca mühüm əhəmiyyət kəsb edir. Dünya ölkələrinə, beynəlxalq təşkilatlara doğru informasiyanın çatdırılması, Azərbaycana qarşı aparılan informasiya müharibəsinin qarşısının alınması, məkrli siyasət aparan informasiya mənbələri ilə mübarizə üçün müxtəlif informasiya təhlükəsizliyi texnologiyalarından istifadə edilməsi zərurəti meydana çıxıb.

Məlumdur ki, bizim institut da bu sahədə Azərbaycanın aparıcı elmi mərkəzlərindən biridir. Hesab edirəm ki, bütün irəli sürülən təklifləri dəstəkləməklə yanaşı, biz ölkəmizdə informasiya müharibəsi aparılan müvafiq dövlət qurumlarına köməyimizi təklif edə, bununla da hibrid müharibədə ölkəmizin informasiya komponenti ilə bağlı uğurlarına öz töhfəmizi verə bilərik.

İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova qələbə münasibətilə hər kəsi təbrik etdi. Həyəcanla ön cəbhədən xoş xəbərləri gözlədiyini, akademiyanın və institutun bütün təşəbbüslərində iştirak etməyə hazır olduğunu qeyd etdi.

Baş mütəxəssis Əfruz Qurbanova bu günlərdə xalqımız üçün şərəfli tarixin yazıldığını bildirdi. Qeyd etdi ki, 30 ildən sonra torpaqlarımızın azad olunması ilə bağlı xəbərlər bir azərbaycanlı kimi hər birimizi sevindirir, ruh yüksəkliyi yaradır. O, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa dilədi.

İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova bütün Azərbaycan xalqını təbrik etdi. Qeyd etdi ki, bu böyük qələbənin əsas səbəbi dövlət, ordu və xalq birliyidir. Bundan sonrakı zəfərlərimizin məhz bu birlik əsasında davam edəcəyinə inanırıq.

İnstitutun baş mütəxəssisi Tamilla Bayramova xalqımızı qələbə münasibətilə təbrik edərək, bu gün ikiqat həyəcan yaşadığını bildirdi. Oğlunun da hazırda döyüşdə olduğunu qeyd edərək ordumuza tam qələbə arzuladı.

İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Nərmin Adıgözəlova institutun gəncləri adından çıxış edərək bildirdi ki, onların hər biri əlinə silah götürüb ordu sıralarına qoşulmağa, torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak etməyə hazırdır.

Tədbirdə, həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev,Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, baş mühəndis Cavid Ağaşov, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, böyük elmi işçi Könül Daşdəmirova çıxış edərək Ali Baş Komandanın birbaşa rəhbərliyi altında şanlı ordumuzun zəfər çalması münasibətilə xalqımızı təbrik etdilər, cəbhədən gələn xoş xəbərlərin davamlı olacağına əminliklərini ifadə etdilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023