AMEA-nın milli informasiya resurslarının “Hökumət buludu”na inteqrasiyası təmin edilməlidir 2020-07-22 16:19:00 / KONFRANSLAR

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AzScienceNet elm-kompüter şəbəkəsinin İdarəetmə Şurasının onlayn iclasında çıxışı zamanı bu fikri səsləndirib.

Alim tədbirdə dövlət informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında dayanıqlı və təhlükəsiz infrastrukturda təşkili məqsədini daşıyan “Hökumət buludu”nun (G-cloud) əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkədə müxtəlif dövlət informasiya sistemləri və ehtiyatlarının formalaşdırılması, saxlanılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun yaradılmasını zəruri etmişdir. “Hökumət buludu” AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılmışdır.

R.Əliquliyev dövlət başçısı İlham Əliyevin 3 iyun 2019-cu il tarixdə imzaladığı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərmanını xatırladıb: “Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə AMEA-da son zamanlar yaradılan böyük əhəmiyyətə malik milli informasiya resurslarının “Hökumət Buludu”na inteqrasiyası təmin edilməlidir”.

“E-elm e-hökumət və e-dövlətin tərkib hissəsinə çevrilməlidir”, – deyən alim dövlət resurslarının vahid Data Mərkəzdən idarə edilməsinin, eləcə də həmin Mərkəzin dayanıqlığı və təhlükəsizliyinə diqqət artırmağın vacibliyini vurğulayıb.

Akademik R.Əliquliyev qeyd edib ki, AzScienceNet şəbəkəsinin dövlətin müvafiq informasiya sistemlərinə inteqrasiyası, eləcə də institutun mütəxəssisləri tərəfindən e-elmin tərkib hissəsi kimi yaradılmış, bir neçə əhəmiyyətli, milli statuslu sistemlərin “Hökumət Buludu”nda yerləşdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Bu tədbirlərin həyata keçirilməsi zamanı “Hökumət Buludu”nun tələb və tövsiyələrinin nəzərə alınması da zəruridir. 

    Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2020