“Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” IV beynəlxalq konqresi keçirilir 2020-07-15 14:58:00 / KONFRANSLAR

7 iyul 2020-ci il tarixdə Rusiyanın Sankt-Peterburq şəhərində “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” IV beynəlxalq konqresi öz işinə başlayıb. Tədbirin keçirilməsində əsas məqsəd son illərdə elm, mühəndislik və texnologiya sahəsində aparılan yeni tədqiqatları təqdim etmək, eləcə də  alim, mühəndis və gənc tədqiqatçılar arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Sankt-Peterburq Politexnik Dövlət Universitetinin təşkilatçılığı ilə onlayn formada təşkil olunmuş konqresdə proqram mühəndisliyi, elektrik mühəndisliyi, təhsil texnologiyaları, nanomühəndislik, nanotexnologiyalar, texnologiya və innovasiya kimi mövzularda məruzələr dinləniləcək.

İyulun 9-dək davam edəcək tədbirə Azərbaycan da daxil olmaqla ABŞ, Rusiya, İtaliya, Türkiyə, Gürcüstan və digər ölkələrdən onlarla alim və tədqiqatçı qatılacaq. 

Qeyd edək ki, “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” konqresi ilk dəfə 2017-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmişdir. İkinci tədbir İtaliyanın paytaxtı Roma şəhərində, sonuncu tədbir isə ötən il 6-8 avqust tarixlərdə Çexiyanın paytaxtı Praqada baş tutmuşdur. 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023