İnstitutun gənc tədqiqatçıları beynəlxalq elmi konfransın qalibləri sırasında yer alıblar 2020-07-01 17:44:00 / MÜHÜM HADİSƏLƏR

Ən yaxşı məruzəyə görə AMEA İnformasiya Texnologiyaları İnstitutunun kiçik elmi işçisi Elşən Bağırov 2-ci, institutun magistrantı Xəyalə Əhmədova isə 3-cü yerə layiq görülüblər.

8-11 iyun tarixlərdə Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransları keçirilib. İnstitutun əməkdaşları “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi – 2020” konfransı çərçivəsində baş tutan “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri” bölməsi üzrə təqdimatlarla çıxış ediblər.

Elşən Bağırov “Malware detection based on n-grams” mövzusu üzrə ingilis dilində məruzə edərək, əvvəlcə zərərli proqramların artım dinamikasını, onlarla mübarizədə dünya təcrübəsində istifadə edilən mövcud metodları diqqətə çatdırıb. Sonra zərərli proqramların n-qram analizi əsasında aşkarlanması istiqamətində apardığı eksperimentlər haqqında məlumat verib. Zərərli (VX Heaven bazası) və zərərsiz faylların toplanılması, PEview proqram təminatından istifadə etməklə n-qram əlamətlərinin çıxarılması və analiz üçün ilkin emalı, maşın təlimi alqoritmlərinin öyrədilməsi və onların müxtəlif metrikalar əsasında qiymətləndirilməsi mərhələlərini nümayiş etdirib.

Xəyalə Əhmədova isə “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün klasterləşdirmə metodlarının tətbiqi” adlı məruzəni təqdim edərək, əvvəlcə sosial şəbəkələrdə fəaliyyət göstərən saxta profillərin sinifləri haqqında məlumat verib. Saxta profil qruplarının aşkarlanması istiqamətində təklif edilmiş metodları diqqətə çatdırıb. Həmçinin saxta profillərin aşkarlanması üçün tətbiq edilmiş k-means alqoritminin nəticələrini müxtəlif metrikalar üzrə qiymətləndirib.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş I Beynəlxalq Tələbə Tədqiqat və Elm Konfransları onlayn formada təşkil olunub. İlk dəfə bu il beynəlxalq səviyyədə keçirilən konfranslara ümumilikdə, Azərbaycanın 15-ə yaxın təhsil və elmi-tədqiqat müəsissəsi, həmçinin İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti və Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə Məktəbindən tələbə və gənc tədqiqatçıların tezisləri təqdim olunub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024